Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Argentina və Çiliyə səfər edəcək

Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Argentina və Çiliyə səfər edəcək
# 06 mart 2014 10:40 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Çilinin Azərbaycanda akkreditə olunmuş müvəqqəti işlər vəkili Qabriel Xara ilə görüşüb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, iki ölkə arasında münasibətlərin uğurlu inkişafında qarşılıqlı marağın olduğunu nəzərə çatdıran Ə.Abbasov bir çox istiqamətlərdə, o cümlədən İKT sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yetərli potensialın olduğunu bildirib.

Çilinin yeni hökumətinin Azərbaycanla intensiv əlaqələrin qurulmasına xüsusi önəm verdiyini deyən Q.Xara Azərbaycan-Çili münasibətlərinin xalqlarımızın mənafeyinə uyğun dostluq və əməkdaşlıq zəminində inkişaf etdirilməsinə maraq göstərdiklərinə diqqət çəkib.

İKT sahəsində Azərbaycanın qazandığı uğurların Çilidə yüksək dəyərləndirildiyini, əldə edilən nailiyyətlərin tətbiqi baxımından təcrübə mübadiləsinin vacibliyini vurğulayan müvəqqəti işlər vəkili bu sahəyə qarşılıqlı investisiya qoyuluşunun təmin edilməsi imkanlarını da nəzərə çatdırıb. Ölkələrimiz arasında səfirliklərin qarşılıqlı fəaliyyətinin təmin edilməsinin gələcək əməkdaşlığın genişləndirilməsinə təkan verəcəyini də bildirən Q.Xara münasibətlərin inkişaf etdirilməsində qarşılıqlı səfərlərin xüsusi rolunu qeyd edib.

Qeyd edək ki, rabitə və informasiya texnologiyaları naziri Ə. Abbasovun bu yaxınlarda Argentina və Çiliyə işgüzar səfəri gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR