Tələbələr arasında təşkil olunan bədii yaradıcılıq festivalı qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Tələbələr arasında təşkil olunan bədii yaradıcılıq festivalı qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
# 29 may 2014 13:22 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ali məktəb tələbələri arasında bədii yaradıcılıq festivalı qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, ali təhsil müəssisələrinin rəhbərləri, festival iştirakçıları və digər qonaqlar iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə festivalın yekun konsertinin mayın 7-də Azərbaycan Dövlət Musiqili Teatrında qaliblərin iştirakı ilə baş tutduğunu bildirib və festival iştirakçılarına, qaliblərə uğurlar arzulayıb.

Daha sonra çıxış edən Təhsil nazirinin müavini C. Bayramov bildirib ki, festival tələbələrin mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənətin və mədəniyyətin ayrı-ayrı sənət növləri istedadlı gəncləri üzə çıxarmaq onların qabiliyyətlərinin inkişaf etməsinə dəstək vermək məqsədi daşıyır.

Bu ilki festivalda Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Müəllimlər İnstitutu və Lənkəran Dövlət Universitetinin bədii özfəaliyyət kollektivləri iştirak edib. Münsiflər heyəti festivalda iştirak edən kollektivlərin və tək ifaçıların arasında 33 qalib və 22 fəal iştirakçını müəyyənləşdirib.

Sonda qaliblərə Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin diplomları və hədiyyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR