Təbriz İnqilab Məhkəməsi 5 azərbaycanlı fəala bəraət verib - FOTO

Təbriz İnqilab Məhkəməsi 5 azərbaycanlı fəala bəraət verib - <span style="color: red;">FOTO
# 17 fevral 2014 07:40 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda 5 tanınmış azərbaycanlı fəal barəsində məhkəmənin hökmü açıqlanıb. APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, Təbriz İnqilab Məhkəməsi Mikayıl (Salar) Turi, Məhəmməd Əmiri, Məhəmməd Xətibi, Əli Sirnak və Nəcəf (Adil) Xəndaniyə bütün ittihamlardan bəraət verib.

Qeyd edək ki, fevralın 9-da Təbriz İnqilab Məhkəməsinin ikinci şöbəsində hakim qarşısına çıxarılan azərbaycanlı fəallar hakimiyyətin əleyhinə təbliğat aparmaq və qanunsuz toplantılara qatılmaqla ölkənin milli təhlükəsizliyini pozmaqda günahlandırılıblar. Onları məhkəmədə vəkillər Cəfər Əfşarniya, Fatimə Səttari və Sima Bağban müdafiə ediblər. Azərbaycanlı fəallar ötən ilin fevralında İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşlarının Təbrizin Qolşəhr məhəlləsində yerləşən “Yanar” çay evinə basqını zamanı 45 nəfərlə birlikdə saxlanılıblar.

Həbs 2013-cü il fevralın 26-da Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Təbrizin “Səhənd” stadionunda yerli “Traktor” komandası ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl-Cəzirə” klubu arasında keçiriləcək qarşılaşma və 109 nəfər azərbaycanlı fəalın İranın Şərqi Azərbaycan vilayətinin Ermənistanla əlaqələrini genişləndirməsinə etiraz olaraq imzaladığı müraciətlə bağlı olub. Onlardan 40 nəfəri sorğu-sual edildikdən və bir gün ETTELAAT-ın Təbrizdəki təcridxanasında saxlanıldıqdan sonra fevralın 25-də səhər saatlarında azadlığa buraxılıb. Digər 5 azərbaycanlı fəal iki gün təcridxanada saxlanıldıqdan sonra fevralın 26-da axşam saatlarında zəmanətlə sərbəst buraxılıb. Lakin Təbriz Məhkəməsinin 19-cu şöbəsində keçirilən məhkəmə prosesində hakimiyyət əleyhinə təbliğat aparmaqda günahlandırılan azərbaycanlı fəallar barəsində həbs-qətimkan tədbiri seçilərək Təbriz həbsxanasına göndəriliblər. Martın 7-də onların məhkəmə prosesi keçirilib və Təbriz Məhkəməsinin 19-cu şöbəsinin hakimi azərbaycanlı fəalların azadlığa buraxılması üçün 100 milyon tümən dəyərində mülk girovu təyin edib. Martın 12-də axşam saatlarında M.Turi M.Əmiri, M.Xətibi, Ə.Sirnak və A.Xəndanla birgə 100 milyon tümən zəmanətlə sərbəst buraxılıb. M.Turi ötən il sentyabrın 16-da yenidən həbs edilib və 35 günlük həbs həyatından sonra oktyabrın 20-də 50 milyon zəmanətlə Təbriz şəhərinin mərkəzi həbsxanasından sərbəst buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR