Azərbaycanda kredit qoyuluşlarının həcmi son bir ildə 25% artıb

Azərbaycanda kredit qoyuluşlarının həcmi son bir ildə 25% artıb
# 11 mart 2014 09:43 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının məcmu kredit qoyuluşlarının həcmi 2014-cü il fevralın 1-nə 15 536,3 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 057,0 mln. manat və ya 24,5% artıb. O cümlədən, kredit qoyuluşlarının həcmi bu ilin yanvarında 113,4 mln. manat və ya 0,7% artıb.

Kredit qoyuluşlarının sahələr üzrə tərkibində əsas hissə əvvəlki kimi istehlak kreditlərinin payına düşür. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin həcmi 6 358,9 mln. manat və ya ümumi həcminin 40,9%-ni təşkil edir. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 1 906,9 mln. manat və ya 42,8% artıb. Göründüyü kimi, istehlak kreditlərinin artım həcmi ümumi göstəricinin 62,4%-ni təşkil edir. Eyni zamanda, bu kateqoriyadakı artım tempi ümumi artım göstəricisini 1,7 dəfə üstələyir. Beləliklə, Azərbaycanda kreditləşmənin artımı əsasən istehlak kreditlərinin artması hesabına baş verir.

Qeyd edək ki, həcm və pay üzrə istehlak kreditlərdən sonra gedən digər sahələrdən 12,9%-lik payla «İnşaat və əmlak» və 14,2%-lik payla «Ticarət və xidmət» sahələrini qeyd etmək olar.

Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin fevralın 1-nə 815,1 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 51,3 mln. manat və ya 6,7% çoxdur. Eyni zamanda vaxtı keçmiş kreditlərin xüsusi çəkisi illik müqayisədə 6,1%-dən 5,2%-dək enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR