İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri martda Vyanada keçiriləcək

İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri martda Vyanada keçiriləcək
# 20 fevral 2014 12:20 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri martın ortalarında Vyanada keçiriləcək.

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı açıqlama verib.

Onun sözlərinə görə, tərəflər ikigünlük sıx müzakirələrdən sonra yekun razılığın əldə olunması üçün danışıqların gündəliyini və çərçivəsini müəyyənləşdiriblər: “Müzakirələr müsbət atmosferdə həyata keçirilib və bu da qarşıdakı danışıqlar üçün ümidvericidir. Lakin indidən nikbin proqnozlar vermək olmaz”.

Qeyd edək ki, fevralın 18-19-də BMT-nin Vyanadakı mənzil-qərargahında İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri keçirilib. Danışıqlarda İran nümayəndə heyətinə M.C.Zərif, “altılıq” ölkələrinə isə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton rəhbərlik edir. Müzakirələr 2013-cü il noyabrın 24-də Cenevrədə İranla “altılıq” ölkələri arasında əldə edilmiş nüvə razılaşmasına uyğun olaraq bu il yanvarın 20-də qüvvəyə minmiş Birgə Fəaliyyət Planı çərçivəsində həyata keçirilir. Məqsəd İran nüvə məsələsi ilə bağlı yaranmış problemin birdəfəlik həlli üçün yekun razılaşmanın əldə olunmasıdır. Nüvə danışıqlarından bir gün əvvəl axşam saatlarında M.C.Zərif və K.Eştonun ikitərəfli görüşü keçirilib. Eyni zamanda A.Əraqçı ABŞ, Böyük Britaniya, Fransa və Almaniya təmsilçiləri ilə də təkbətək görüşüb. Bundan əlavə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif nüvə müzakirələrindən əvvəl Rusiya və Çin nümayəndələri ilə bir araya gəlib. Fevralın 19-da M.C.Zəriflə K.Eşton arasında növbəti görüş keçirilib və bununla da müzakirələrə yekun vurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR