Aqil Abbas: “Mənim oğlum o tərbiyənin yiyəsi deyil ki, kimisə döysün”

Aqil Abbas: “Mənim oğlum o tərbiyənin yiyəsi deyil ki, kimisə döysün”
# 11 mart 2014 14:34 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. “Mənim oğlum o tərbiyənin yiyəsi deyil ki, kimisə döysün”. Bu sözləri APA-ya açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas polis rəisi vəzifəsində çalışan oğlu Tuncay Abbasovun öz işçisini döyməsi barədə mətbuatda yayılan məlumatlara münasibət bildirərkən deyib.

O qeyd edib ki, oğlunun kimisə döyməsi barədə KİV-də gedən məlumatlar şər və böhtandır: “Mən bu barədə əlavə heç nə demək istəmirəm. Məsələyə Daxili İşlər Nazirliyindən münasibət öyrənsəniz, yaxşı olar”.

Deputatın oğlu, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi Tuncay Abbasov da APA-ya bu barədə danışmaq istəməyib: “Əməkdaşımın mənim haqqımda dediklərinə münasibət bildirmək istəmirəm. Bu barədə nə öyrənmək istəyirsinizsə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə müraciət edin”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə APA-ya bildirilib ki, mətbuatda yayılan həmin məlumatlar araşdırılaraq, ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, “Qafqazinfo” 30-cu Polis Bölməsinin rəisi T. Abbasovla həmin bölmənin işçisi, polis mayoru Bağır Səlimov arasında dava düşməsi barədə məlumat yayıb.

Məlumata görə, davanın baş verməsinə səbəb Bağır Səlimovun Suraxanı rayon Polis İdarəsinin rəisi Təhmasib İbrahimovun qəbuluna öz rəisi Tuncay Abbasovdan xəbərsiz getməsi olub.

Qəbuldan çıxandan sonra Tuncay Abbasov Bağır Səlimovu döyüb. Hadisə kameraların yaddaşına da düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR