Əbülfəs Qarayev Mərakeş parlamentinin Nümayəndələr Palatasının komitə sədrini qəbul edib

Əbülfəs Qarayev Mərakeş parlamentinin Nümayəndələr Palatasının komitə sədrini qəbul edib
# 21 fevral 2014 13:04 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Fevralın 20-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mərakeş Krallığı parlamentinin Nümayəndələr Palatasının xarici əlaqələr, milli müdafiə, İslam məsələləri və xaricdə yaşayan mərakeşlilərlə iş üzrə komitəsinin sədri Əli Kəbirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, nazir iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə daha çox ehtiyac duyulduğunu bildirib.

2008-ci ildə ölkələrimiz arasında mədəniyyət və turizm sahəsində hökumətlərarası sazişin imzalanması, 2008-2009-cu illərdə qarşılıqlı mədəniyyət günlərinin keçirildiyini bildirən nazir qeyd edib ki, Mərakeş Krallığı Nümayəndələr Palatası üzvlərinin səfəri turizm sahəsində əməkdaşlığa da öz töhfəsini verəcək.

Ölkəsinin turizm sahəsində böyük imkanlara malik olduğunu vurğulayan Əli Kəbiri bu istiqamətdə də Azərbaycanla əməkdaşlığa, turizmin müxtəlif sahələri üzrə təcrübə mübadiləsinə hazır olduqlarını bildirib: "Mərakeş turizm sahəsində böyük uğurlar əldə edib. Bizim turizm infrastrukturumuz çoxşaxəlidir, dağ turizmindən dəniz turizminə qədər bütün sahələrdə inkişaf əldə olunub. Biz qazandığımız təcrübəni azərbaycanlı mütəxəssislərlə paylaşa bilərik".

Qəbulda Mərakeş Nümayəndələr Palatasının diplomatik məsələlər üzrə müşaviri Əl Caffali Munir və bu ölkənin Azərbaycandakı səfiri Hassan Hami iştirak edib.

Görüşün sonunda Mərakeşli nümayəndə heyətinə Azərbaycan mədəniyyəti və turizm imkanlarını təbliğ edən kitab və təşviqat materialları hədiyyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR