Ələkbər İmaməliyev: “3 qızıl, 3 bürünc medalı uğurlu nəticə saymaq olar”

Ələkbər İmaməliyev: “3 qızıl, 3 bürünc medalı uğurlu nəticə saymaq olar”
# 20 fevral 2014 12:30 (UTC +04:00)

Bakı – APA. “Turnirdə əsas məqsəd idmançılarımızı yoxlamaq idi. Biz Avropa və dünya çempionatına kimi 3 beynəlxalq turnirdə iştirak nəzərdə tutmuşuq ki, lazımı heyəti formalaşdıraq”. Bu sözləri apasport.az saytına açıqlamasında kişi taekvondoçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Ələkbər İmaməliyev deyib.

Təcrübəli mütəxəssis az öncə Misirin Luksor şəhərində təşkil olunan “Luxor Open” turnirində millimizin çıxışını dəyərləndirib.

O bildirib ki, komandamızın 3 qızıl və 3 bürünc medal qazanmasını uğurlu nəticə hesab etmək olar: “Əlbəttə, 3 qızıl, 3 bürünc medalı uğurlu nəticə saymaq olar. Bu nəticə ilə biz 35 ölkə arasında 2-ci yeri tutduq. Misirdə keçirilən yarış reytinq xalı verdiyindən, buraya güclü komandalar gəlmişdi. Biz də ilin məsul yarışlarına ən güclü taekvondoçuları seçmək üçün bəzi çəkilərdə 2 və ya 3 idmançını sınadıq. Lakin bu, son deyil. Qalib gələn və ya uduzanlara yenə şans verəcəyik”.

İmaməliyev komandada ümidləri doğrultmayanlardan da danışıb. Lakin baş məşqçi bunu qarşıdakı təlim-məşq toplanışlarında aradan qaldırmaqlarına inanır: “Biz London Olimpiadasında ölkəmizi təmsil edən Ramin Əzizovdan qızıl medal gözləyirdik. O, yarımfinala da inamla başladı. İkinci raunddan sonra 4:1 hesabı ilə öndə olsa da, sonda 5:7 hesabı ilə uduzdu. Həmçinin, Radik İsayev də qələbəyə yaxın idi. Amma alman rəqibinə 1 xal fərqi ilə məğlub oldu. Bu məğlubiyyətlərdə bütün çatışmazlıqları özümüzdə qeyd etmişik. Qarşıdakı hazırlıqlarda bunun üzərində işləyib, aradan qaldıracağımıza ümid edirəm”.

Qeyd edək ki, Misirdə taekvondoçularımızdan Mikayıl Əliyev (54 kq), İlkin Şahbazov (74 kq), Fəridə Əzizova (67 kq) qızıl, Samir Aydınov (54 kq), Ramin Əzizov (80 kq) və Radik İsayev (87 kq) bürünc medal qazanıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR