Azərbaycanın Çindəki səfirliyi Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirib

Azərbaycanın Çindəki səfirliyi Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirib
# 27 fevral 2014 15:49 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyi tərəfindən Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Pekində təhsil alan azərbaycanlı tələbələr, müvəqqəti yaşayan azərbaycanlılar və “AzərTac”ın nümayəndəsi iştirak ediblər.

Tədbirin əvvəlində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə səfir Lətif Qəndilov çıxış edərək, dünyanın heç bir faciəsi ilə müqayisə olunmayacaq bu qətliamın dəhşətlərindən, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri vəhşiliklərdən danışıb. Daha sonra səfir ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü, ardıcıl və prinsipial fəaliyyət nəticəsində erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində görülən işlərdən danışıb, Leyla xanım Əliyevanın rəhbərliyi altında “Xocalıya Ədalət” kampaniyası çərçivəsində aparılan təbliğatın böyük əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, məhz qeyd olunan fəaliyyət nəticəsində bir çox ölkə parlamentləri, ABŞ-ın bir sıra ştatları Xocalı soyqırımını tanıyıblar. Səfir Xocalı soyqırımını törədənlərin - indiki Ermənistan rəhbərliyinin tarix qarşısında cavab verəcəklərini xüsusilə vurğulayıb və o vaxtkı Azərbaycan rəhbərliyinin səriştəsiz fəaliyyətini qeyd edib.

Daha sonra tədbir iştirakçıları Xocalı soyqırımı ilə bağlı sənədli filmə baxıblar. Həmçinin tədbir iştirakçıları Heydər Əliyev Fondu tərəfindən təqdim edilmiş Xocalı soyqırımını əks etdirən fotoşəkillərdən ibarət foto stend, kitab və bukletlərlə tanış olublar.

Xocalı faciəsi ilə bağlı səfirlik tərəfindən üç dildə (çin, rus, ingilis) hazırlanmış press-relizlər Çinin Xarici İşlər Nazirliyinə, Pekində akkreditə olunmuş xarici ölkə səfirliklərinə, elmi-tədqiqat mərkəzlərinə, qeyri-hökumət təşkilatlarına, Çinin aparıcı KİV-nə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR