Kamal Abdulla: “Məscid bu gün ancaq məscid yox, həm də mənəviyyat, tərbiyə və maarif mərkəzi olmalıdır"

Kamal Abdulla: “Məscid bu gün ancaq məscid yox, həm də mənəviyyat, tərbiyə və maarif mərkəzi olmalıdır"
# 20 sentyabr 2016 12:01 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Dindarlar məscidə ancaq namaz qılmağa və moizəyə qulaq asmağa gəlməməlidirlər”.

Bunu APA-ya müsahibəsində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdulla deyib. Dövlət müşavirinin sözlərinə görə, ibadət ocaqlarında dini kitablarla yanaşı, dünyəvi mövzulara aid kitabların da olmasına böyük ehtiyac var: “Bölgələrdə səfərdə olarkən məscidlərin kitab rəflərində ən yaxşı halda yalnız dini ədəbiyyatın olduğunu görürdüm. Düşünürdüm ki, ibadət ocaqlarında dini kitablarla yanaşı, dünyəvi mövzulara aid kitabların da olmasına böyük ehtiyac var. Ömrünün mənasını İmam Hüseyn türbəsinə xidmət etməkdə görmüş dahi şairimiz Füzulinin əsərləri məscidlərdə niyə olmasın? Digər klassiklərimizin də həmçinin. Dindarlar məscidə ancaq namaz qılmağa və moizəyə qulaq asmağa gəlməməlidirlər. Məscid bu gün ancaq məscid yox, həm də mənəviyyat, tərbiyə və maarif mərkəzi olmalıdır. Təbii ki, belə məscidin axundu və imamı insanların maariflənməsi yolundakı ehtiyaclarını adekvat şəkildə ödəməlidir. O, daim özünü elmi baxımdan təkmilləşdirməlidir. Bu gün öyrənmək istəyənlərin tələbi çox yüksəkdir”.

K. Abdulla əlavə edib ki, məscidlərdə kitabxana ilə bağlı bir sıra işlər görülüb: “Bakıda və respublikanın bir sıra rayon və şəhərlərinin məscidlərində, ziyarətgah komplekslərində həm dini, həm də dünyəvi məzmunlu ədəbiyyat üçün rəflər ayrılıb, kiçik də olsa kitabxanalar yaradılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Mütəmadi olaraq Azərbaycan məscidlərinə yeni kitablar paylanılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR