Rafael Cəbrayılov: “Müsavatın boykot addımı ucuz siyasi divident qazanmaq xatirinə edilən siyasi cığallıqdır"

Rafael Cəbrayılov: “Müsavatın boykot addımı ucuz siyasi divident qazanmaq xatirinə edilən siyasi cığallıqdır"
# 29 oktyabr 2015 11:56 (UTC +04:00)

Bakı - APA. "Müsavat Partiyasının parlament seçkilərini boykot etməsi ilə bağlı məlum addımı mənim üçün gözlənilməz deyildi. Çünki bu addım Müsavat Partiyasının - istər parlament seçkiləri olsun, istər prezident seçkiləri olsun, bütövlükdə seçkilərlə bağlı "ənənəvi" münasibətinin növbəti ifadəsi idi".

APA-nın məlumatına görə, bunu Milli Məclisə seçkilərdə 46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov dilə gətirib.

"Biz həmişə bunun şahidi olmuşuq ki, hətta seçkiöncəsi, seçkiyə uzun müddət qalanda belə, Müsavat Partiyası və yaxud bir sıra onun kimi qaragüruhçu partiyalar var ki, seçkinin guya saxtalaşdırılacağı ilə bağlı bir ekstrasenslik "fəaliyyət" aparıb, bəyanatlar verib. Şəxsən mən özüm indiyə kimi konkret olaraq, Müsavat Partiyasının deputatlığa namizədlərinin normal bir təbliğat apardığının da şahidi olmamışam. Biz Müsavat Partiyasından belə bir ucuz və qeyri-ciddi hərəkəti onsuz da gözləyirdik. Əslində isə Azərbaycandakı bu demokratik seçki mühitindən bu gün sui-istifadə halları o qədər çoxdur ki, o sui-istifadənin biri də elə Müsavat Partiyasının məlum addımıdır", - deyə o bildirib.

R. Cəbrayılov vurğulayıb ki, Müsavat Partiyasının bu addımı siyasi cıqallıqdan savayı bir şey deyil. "Onlar əgər həqiqətən də parlament seçkilərini boykot etmək fikrindəydilərsə, səmimi görünmək istəyirdilərsə, bunu elə əvvəlcədən də edə bilərdilər. Yaxud da, seçki qanunvericiliyinə görə hazırda heç bir namizədin öz təşəbbüsü ilə seçki marafonundan geri çəkilmək, daha doğrusu, namizədliyini geri götürmək hüququ yoxdur. Bu, məhkəmə qaydasında olmalıdır. Yəni, bu addımı namizədlərin öz namizədliyini geri çəkmək, geri götürmək üçün müəyyən edilən vaxtda ataydılar və o zaman bu, daha səmimi addım kimi qəbul olunardı. Yoxsa, başa düşmək olmur, cəmi 3 gündən sonra seçki-səsvermə günüdür, onlar indi belə bir addım atmaqla nə düşünürlər və bu addımın nə faydası var ki? Hesab edirəm ki, bu, ucuz siyasi divident qazanmaq üçün xatirinə edilən siyasi cığallıqdır", - deyə o, sözlərinə əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR