Azərbaycanda təbii qazla işləyən avtomobillərin təhlükəsiz istismarına dair tövsiyələr təsdiqlənib

Azərbaycanda təbii qazla işləyən avtomobillərin təhlükəsiz istismarına dair tövsiyələr təsdiqlənib
# 02 dekabr 2015 13:51 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyası AZS 858-2015 (EN 13423-2000) “Sıxılmış təbii qazla işləyən avtomobillərin istismarı” dövlət standartını təsdiq edib.

APA-nın məlumatına görə, dekabr ayından qüvvəyə minən bu standart EN 13423-2000 “Sıxılmış təbii qazla işləyən avtomobillərin istismarı” Avropa standartının autentik tərcüməsi əsasında hazırlanıb və ilk dəfə tətbiq edilir.

“Sıxılmış təbii qazla işləyən avtomobillərin istismarı” dövlət standartında yanacaq sisteminin təzyiqi 15 0C-də 20 MPa (200bar) yuxarı olmamaqla işləyən və təbii qazla işləyən nəqliyyat vasitələrinin istismar qaydaları üzrə tövsiyələr öz əksini tapır. Bu standart mayeləşdirilmiş təbii qazla (MTQ) işləmək üçün hazırlanmış nəqliyyat vasitələrinin istismar aspektlərini əhatə etmir. Standartda təbii qazla işləyən nəqliyyat vasitəsi (TQİNV) sürücülərinə tövsiyələr yer alıb. TQİNV qapalı ərazilərdə park edildiyi yerlərdə qazın toplanması təhlükəsinin qarşısının alınması məqsədilə müvafiq havalandırma sistemi olmalıdır. TQİNV-nin sahibi nəqliyyat vasitəsinin təchizatçısının TQİNV-nin təhlükəsiz istismar qaydaları ilə bağlı təqdim etdiyi sənədlərlə tanış olmalıdır. Bu sənədlər təbii qazın xüsusiyyətləri ilə bağlı müvafiq təhlükəsizlik tədbirlərini əhatə etməlidir. Sahibkar təqdim olunan sənədlərə əsasən istismar məlumatlarını yeniləməlidir. Sahibkar nəqliyyat vasitəsinin onun hazırlayanın/istehsalçısının təlimatlarına və texniki istismar qaydalarına uyğun baxılması və istifadəsini təmin etməlidir. Qaz konteynerlərinin (çənlərinin) qüvvədə olan normativ aktlara uyğun olaraq istehsalçı tərəfindən müəyyən edilən intervallarda müayinə və revalidasiyası (təkrar istismara yararlılığının təsdiqlənməsi) həyata keçirilməlidir. Yanacaqdoldurma avadanlığı yalnız qaz konteynerlərinin (çəninin) və yanacaqdoldurma qurğusunun istismar hərarəti təzyiqinə uyğun olan qaz yanacağı sistemlərinin doldurulması üçün istifadə olunmalıdır. Nəqliyyat vasitəsinin zədələnməsi ilə nəticələnən qəzanın ardından qaz sisteminin qüsursuz və etibarlı işi səlahiyyətli şəxs tərəfindən yoxlanmalıdır. Nəqliyyat vasitəsi istifadədən çıxarılmazdan əvvəl onun sahibi qaz sisteminin səlahiyyətli şəxs tərəfindən müvafiq qaydada boşaldılmasını təmin etməlidir. Sahibkar qaz çənləri qalırsa nəqliyyat vasitəsinin istismardan çıxarılması (ləğvi) ilə məşğul olan qurumları bu barədə məlumatlandırmalıdır. Nəqliyyat vasitəsi TQİNV kimi satışa çıxarıldıqda TQİNV-nin müvafiq sənədləri, xüsusilə qaz çəninin etibarlılığının qiymətləndirilməsinə dair sertifikatı nəqliyyat vasitəsi ilə birgə təqdim olunmalıdır (əgər təbii qazla işləyən nəqliyyat vasitəsi transferdən əvvəl çıxarılırsa onda bu tətbiq olunmur). TQİNV avtomobil yolu, dəmir yolu və ya bərə ilə daşınmalı olduqda və ya tuneldən istifadə etmək zərurəti yarandıqda sürücü maneələrin olub olmamasına nəzarət etməlidir. O TQİNV-nin daşınması üçün cavabdeh olanlara tövsiyələr verməlidir.

Nəqliyyat vasitəsində təmir işləri aparılarkən qazın nəzarətdən kənar boşalmasının qarşısını almaq üçün ehtiyat tədbirləri görülməlidir. Mümkün qaz sızmaları nəticəsində qazın təhlükəli toplanmasının qarşısını almaq üçün müvafiq havalandırma sistemi olmalıdır. Tavan sahələrində qazın yığılmasının qarşısını almaq üçün havalandırma sisteminin intensivlik səviyyəsi (işləmə gücü) kifayət etməlidir. Təbii qazla işləyən nəqliyyat vasitələrinin sistemləri ilə məşğul olan şəxslər təbii qaz haqqında baza biliklər də daxil olmaqla müvafiq təlim keçməlidir. Nəqliyyat vasitəsində qaz sızmasının olduğu barədə şübhələrin yarandığı zaman qaz konteyneri (çəni) demontaj edilməyənədək nəqliyyat vasitəsinə qədər 3 metr məsafədə heç bir potensial alışma mənbəyi olmamalıdır. Qaz sisteminin istənilən hissəsində iş aparan operatorlar konteynerlərin (çənlərin) demontaj olunmasını təmin etməlidirlər. Qaz sisteminin həmin hissəsinə 1 metr məsafədə heç bir potensial alışma mənbəyi olmamalıdır. Qaz konteynerlərinin təzyiqinin azaldılması qazın konteynerdən buraxılaraq tutulması yolu ilə həyata keçirilməlidir. Əgər qazın çəndən buraxılaraq tutulması üsulu mümkün deyilsə, qaz konteynerlərinin boşalması açıq havada həyata keçirilməlidir. Qaz yalnız yüksəklikdə və potensial alışma mənbəyindən kənarda buraxıla bilər. Qaz komponentlərinin və borulu sistemlərin təzyiqinin azaldılması (qaz konteynerləri ayrı) zamanı minimum miqdarda qaz sızması baş verə bilər və buna görə müvafiq havalandırma lazımdır. Zədələnmiş və ya nəqliyyat vasitəsindən tullantıya verilməsi üçün demontaj edilən konteynerlər ISO/FDIS 11439:2000 uyğun olaraq revalidatorun (təkrar istifadəyə icazə verən səlahiyyətli qurum) təsdiqindən keçməlidir. Nəqliyyat vasitəsi qəzaya uğrayarsa qaz konteynerləri (çənləri) zədələnə bilər.

Bu revalidator (təkrar istifadəyə icazə verən səlahiyyətli qurum) tərəfindən yoxlanmalı və sınaqdan keçirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR