BƏƏ Azərbaycanda aqrar sahənin inkişafı üçün maliyyə dəstəyi göstərəcək

BƏƏ Azərbaycanda aqrar sahənin inkişafı üçün maliyyə dəstəyi göstərəcək
# 28 sentyabr 2016 16:24 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Kənd təsərrüfatı naziri Heydər Əsədov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “MBM” şirkətlər qrupunun nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşün məqsədi aqrar sektorda investisiya tələb edən sahələr və bu sahələrə sərmayələrin qoyulması ilə bağlı müzakirələrin aparılması olub.

H. Əsədov iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün geniş potensial imkanların olduğunu vurğulayıb. Nazir aqrar sahəsinin prioritet sahə elan olunduğunu və çoxşaxəli inkişaf etdiyini, 11 iqlim tipindən 9-nun Azərbaycanda mövcud olduğunu, ölkəmizdə kənd təsərrüfatının bütün sahələri üçün əlverişli investisiya mühitinin və böyük ixrac potensialının olduğunu nəzərə çatdırıb.

Görüşdə H.Əsədov investisiya tələb olunan sahələr, xüsusilə də Azərbaycandan BƏƏ-yə kənd təsərrüfatı məhsullarının ixrac edilməsi məqsədilə aqroparkların yaradılması, Azərbaycanda istehsal olunan meyvə-tərəvəz məhsullarının BƏƏ-yə və digər ölkələrə ixracı məqsədilə logistik bazanın yaradılması, konservləşdirilmiş meyvə və tərəvəzin ixracı, Azərbaycanda müasir tipli ət və süd emalı müəssisələrinin və iri heyvandarlıq təsərrüfatlarının yaradılması ilə bağlı əməkdaşlıq imkanlarının araşdırılması, ölkəmizdən BƏƏ-yə quş əti və yumurta ixracı məsələsinin müzakirə olunması, heyvandarlıq məhsullarının saxlanması və ticarəti üçün logistik mərkəzin yaradılması, pestisid istehsalı müəssisəsinin yaradılması imkanlarının araşdırılması, pambıq, tütün, barama məhsullarının ixracı, həmçinin texnika, gübrə istehsalı üçün əlverişli şəraitin olduğunu nəzərə çatdırıb.

“MBM” şirkətlər qrupunun Korporativ Məsələlər üzrə direktoru Federiko Carvellini ölkədə aqrar sahəyə böyük önəm verildiyini nəzərə alaraq kənd təsərrüfatı sahəsində əməkdaşlığa maraq göstərdiklərini diqqətə çatdırıb. Səfərlərində əsas məqsədin Azərbaycanda kənd təsərrüfatının fundamental sahə olduğunu və bu sahədə əməkdaşlıq imkanlarının araşdırıb və bu sahənin inkişafı üçün texniki və maliyyə dəstəyi göstərməkdən ibarət olduğunu bildirib.

F. Carvellini kənd təsərrüfatı infrastrukturunun yenidən qurulmasına və aqroparkların yaradılmasına sərmayə qoyuluşu, həmçinin Azərbaycanda fəaliyyət göstərən şirkətlərlə əlaqə yaradılması, kənd təsərrüfatının müxtəlif sahələri ilə tanış olaraq bu sahədə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə maraqlı olduqlarını və əməkdaşlığa dair təkliflərlə Kənd Təsərrüfatı Nazirliyinə müraciət edəcəklərini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR