"Azərbaycan İnvestisiya Şirkəti" son iki ildə mənfəət əldə etməsinə baxmayaraq büdcəyə dividend ödəməyib

"Azərbaycan İnvestisiya Şirkəti" son iki ildə mənfəət əldə etməsinə baxmayaraq büdcəyə dividend ödəməyib
# 24 may 2016 07:45 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Azərbaycan İnvestisiya Şirkəti" ASC 2014-2015-ci illər üzrə maliyyə nəticələrinə görə müvafiq olaraq 1 mln. 69,3 min manat və 17 mln. 385,5 min manat mənfəəti olmasına baxmayaraq, dövlət büdcəsinə müvafiq vergilərin ödənilməsi istisna olmaqla, aidiyyati üzrə heç bir dividend ödəməyib.


"APA-Economics" xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində əksini tapıb.


2016-cı ilin 1 yanvar tarixinə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin 5 səhmdar cəmiyyətində 58 mln. 883,3 min manat məbləğində səhmlər və paylar üzrə vəsait qoyuluşu mövcud olub ki, bunlardan isə yalnız şirkətin 25% iştirak payı olan 1 ASC tərəfindən dividendlər ödənilib. Cari ilin əvvəlinə həmin məbləğ 4 mln. 927,8 min manat təşkil edib.

Qeyd edək ki, prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin dövlətə məxsus (100%) səhmlərinin saxlanılması və idarə olunması İqtisadi İnkişaf Nazirliyi (hazırda İqtisadiyyat Nazirliyi - red.) tərəfindən, səhmlər üzrə dividendlərin isə Azərbaycan Respublikası Dövlət Neft Fonduna köçürülməsi müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR