Bakı. Könül Kamilqızı – APA. 2015/2016-cı tədris ili üçün baza ali tibb təhsili əsasında rezidentura səviyyəsinə qəbul imtahanının martın 15-də keçirilmiş birinci mərhələsi ilə (baza fənləri üzrə) əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Apellyasiya Komissiyası yaradılıb.
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, apellyasiya komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Namizədlər Apellyasiya Komissiyasına 16-18 mart tarixlərində saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 15-də 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsini keçirib. İmtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində isə 1 binada aparılıb. Bütün binalarda imtahan təlimata uyğun keçirilib, namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.