Gürcüstanın təhsil naziri BDU-da olub

Gürcüstanın təhsil naziri BDU-da olub
# 20 aprel 2018 11:26 (UTC +04:00)

Azərbaycanda səfərdə olan Gürcüstanın elm və təhsil naziri Mixeil Çxenkeli, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin (TDU) rektoru Georgi Şervaşidze və Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze Bakı Dövlət Universitetində (BDU) olublar.

APA-nın xəbərinə görə, BDU-nun rektoru Abel Məhərrəmov universitet barədə qonaqlara məlumat verib. Rektor bildirib ki, BDU-da 17 fakültə, 124 kafedra, 2 tədqiqat institutu, 3 elmi-tədqiqat mərkəzi və 24 elmi laboratoriya fəaliyyət göstərir: "Universitetdə 14 xarici dil, o cümlədən gürcü dili tədris olunur".

BDU-nun fəxri doktorları arasında Gürcüstanın mərhum prezidenti Eduard Şevardnadzenin də olduğunu xatırladan A. Məhərrəmov universitetin 100 illik yubileyinin dövlət və beynəlxalq səviyyədə qeyd olunacağını deyib.

M. Çxenkeli qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında elm və təhsil sahəsində əlaqələr yüksək səviyyədədir. Bu ilin fevral ayında Tbilisi Dövlət Universitetinin 100 illik yubileyinin keçirildiyini xatırladan nazir BDU-nu Gürcüstanda keçirilən "Elm" festivalında iştirak etməyə çağırıb.

TDU-nun rektoru G. Şervaşidze bildirib ki, gürcü alimləri BDU-nun alimləri ilə TEMPUS, ERASMUS+ və bir çox digər layihələr çərçivəsində yaxından əməkdaşlıq edirlər.

Daha sonra BDU və TDU arasında 2005-ci ildə imzalanmış əməkdaşlıq memorandumu yenilənib.

Yenilənmiş əməkdaşlıq memorandumunu BDU-nun rektoru A. Məhərrəmov və TDU-nun rektoru G. Şervaşidze imzalayıblar.

Gürcüstanın elm və təhsil naziri M. Çxenkeliyə ölkələr və xalqlar arasındakı əlaqələrin inkişafına verdiyi töhfəyə görə BDU-nun "Fəxri qonağı", universitetlər arasında tarixi dostluq münasibətlərindəki xidmətlərinə görə TDU-nun rektoru G. Şervaşidzeyə BDU-nun "Fəxri dostu" və səfir T. Şaraşenidzeyə BDU-nun plaketi təqdim edilib.

TDU-nun təsis etdiyi qızıl medal isə A. Məhərrəmovova təqdim olunub.

Sonda BDU haqda sənədli film nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR