Xədicə İsmayılovanın məhkəməsində şahidlər ifadə verməyə başlayıb - YENİLƏNİB

Xədicə İsmayılovanın məhkəməsində şahidlər ifadə verməyə başlayıb - <span style="color: red;">YENİLƏNİB
# 07 avqust 2015 15:33 (UTC +04:00)

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə məhkəmə heyətinin vəkillərin məhkəmə tərkibinə etirazı ilə bağlı qərarı elan edilib. Qərara əsasən, etiraz əsaslandırılmadığı üçün baxılmamış saxlanılıb.

Xədicə İsmayılova prosesdə səs-küy salaraq, “AzadlıqRadiosu” və “Azadlıq” qəzeti əməkdaşlarının prosesdə iştirakının təmin olunmayacağı təqdirdə ifadə verməyəcəyini deyib. Növbəti prosesdə bunun nəzərə alınmasını istəyib. Hakim məsələnin nəzərə alınacağını deyib.

Sonra şahid ifadələri dinlənilib. Jurnalist Aynur İmranova “AzadlıqRadiosu” ilə əlaqəsi olmadığını, Xədicə İsmayılovanın verilişlərinə qonaq qismində qatıldığını deyib. Sonralar radioda işə düzəlmək üçün X. İsmayılovaya müraciət etdiyini deyən jurnalist “Xədicə mənə belə bir səlahiyyətinin olmadığını bildirdi” deyə əlavə edib.

O, X. İsmayılova ilə münasibətlərinin şəxsi zəmində pozulduğunu deyib və səbəbini açıqlamaqdan imtina edib: “Tural Mustafayevi 2013-cü ildə Xədicə vasitəsiylə tanımışam. Tural nişanlısı Rövşanə ilə ayrılandan da 3 dəfə intihara cəhd edib. Bunu mənə Rövşanə deyib. O, nişanlı olanda Rövşanəni dəfələrlə döyüb. Çalışırdım ki, Turalı Rövşanənin həyatından çıxarım. Turalla Xədicənin arasında yaxın münasibət olması barədə mətbuatdan xəbər tutmuşam. Turalı isə psixoloji problemi olan biri kimi tanıyıram".

Dövlət ittihamçısı isə şahidin ifadəsinin ibtidai istintaqa verdiyi ifadə ilə ziddiyyət təşkil etdiyini bildirib.

“AzadlıqRadiosu”nun Bakı bürosunun X. İsmayılovadan sonra rəhbəri olmuş Babək Bəkirov şahid ifadəsində radio ilə 1997-ci ildən əməkdaşlıq etdiyini, 2005-ci ildə isə daimi çalışmağa başladığını deyib: “2010-cu ildən 2014-cü ilin mayınadək isə koordinator – rəhbər əvəzi kimi işləmişəm. Turalı 2013-cü ildən tanıyıram. Radionun Şirvan bürosunda işləmək üçün müraciət etdi, onu işə götürdük. Az sonra getmək istədiyini dedi və bunu yorulması ilə izah etdi. “Meydan" TV-də işə düzəldi, az keçmiş radioya qayıtmaq istədi. Həmin vaxt isə radionun əməkdaşa ehtiyacı yox idi”.

Digər şahid ifadələri dinlənildikdən sonra növbəti proses avqustun 10-a təyin edilib.

***

saat 13:56

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası başlayıb.


APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə məhkəmə istintaqının başlanmasına qərar verilib. Ramella Allahverdiyeva bildirib ki, iş üzrə zərərçəkmiş Tural Mustafayev prosesə gəlməyib. O, telefon zənglərinə də cavab vermir. Buna görə zərərçəkmişin məcburi şəkildə prosesə gətirilməsi barədə qərar qəbul edilib.

Xədicə İsmayılova cinayət işinin materialları ilə tanış olmasının təmin edilməsi barədə vəsatət qaldırıb. Vəsatət təmin olunub, bildirilib ki, cinayət işinin surəti ona təqdim ediləcək.

Sonra vəkillər vəsatətlərlə çıxış ediblər. Vəsatətlər Tural Mustafayevin iştirakı olmadan prosesə başlanmaması, Xədicə İsmayılovanın məhkəmə zalında şüşə kabinədən çıxarılaraq, vəkillərin yanında oturması və s. ilə bağlı olub.

Vəsatətlər təmin olunmayıb. Hakim bildirib ki, Xədicə İsmayılovanın şüşə kabinədən çıxarılmaması onun öz təhlükəsizliyi ilə bağlıdır.

Sonra prokuror Ramazan Hadıyev ittiham aktını elan edib. İttiham aktına əsasən, Xədicə İsmayılova qanunsuz sahibkarlıqla məşğul olub, külli miqdarda vergidən yayınıb. Həmçinin, vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Xədicə İsmayılova isə ittihamlarla razılaşmayıb, “AzadlıqRadiosu"nda ancaq efirə gedən materiallara görə məsuliyyət daşıdığını, vergi məsələləri ilə məşğul olmadığını deyib.

Bundan sonra o, dövlət ittihamçısının suallarını cavablandırıb.

Proses nahar fasiləsindən sonra davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “AzadlıqRadiosu” və “Meydan" TV teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin özünü öldürməyə cəhd etməsi faktına görə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

T. Mustafayev Baş Prokurorluğa müraciət edərək, “AzadlıqRadiosu”nun Bakı ofisində jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuş İsmayılova Xədicə Rövşən qızı tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar barəsində müvafiq tədbirlərin görülməsini istəyib.

Səbail Rayon Məhkəməsinin 5 dekabr tarixli qərarı ilə X. İsmayılova barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə uzadılıb.

Daha sonra Xədicə İsmayılovaya qarşı yeni ittihamlar irəli sürülüb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR