Bakının Zirə qəsəbəsində ilk dəfə su təchizatı infrastrukturunun yaradılmasına başlanılıb - FOTOSESSİYA

Bakının Zirə qəsəbəsində ilk dəfə su təchizatı infrastrukturunun yaradılmasına başlanılıb - <span style="color: red;">FOTOSESSİYA
# 30 iyul 2015 12:46 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. İçməli su çatışmazlığının müşahidə olunduğu Xəzər rayonunun Zirə qəsəbəsində ilk dəfə su təchizatı infrastrukturunun yaradılmasına başlanılıb.

“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Zirə qəsəbəsində istehlakçıların dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi üçün su mənbəyi Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə magistral xətti nəzərdə tutulub.

Magistral kəmərdən götürüləcək su hazırda inşası davam etdirilən və tutumu 10 min kub metr olan Zirə su anbarına ötürüləcək. Anbar istismara verildikdən sonra Zirə qəsəbəsi ilə yanaşı, Türkan, Dübəndi, Gürgən, Pirallahı qəsəbələri də buradan qidalanacaq.

Layihənin I mərhələsi çərçivəsində qəsəbədə müxtəlif diametrli borularla 20 km paylayıcı su xəttinin inşası və 700-ə qədər ünvanın yeni yaradılacaq şəbəkəyə qoşulması nəzərdə tutulur. Tikinti işlərinə başlanandan su şəbəkəsinin 13 km-lik hissəsi çəkilib, 450 ünvana birləşmə verilib, 50 ədəd yanğın hidrantı quraşdırılıb. Tikinti-quraşdırma işləri başa çatdırıldıqdan sonra yeni şəbəkə vasitəsi ilə içməli suyun verilməsinə başlanılacaq. Layihənin növbəti mərhələsində Zirə qəsəbəsinin digər hissəsində də su şəbəkəsinin yaradılması işləri davam etdiriləcək.

Qeyd edək ki, 11 min nəfər əhalisi olan Zirə qəsəbəsində mərkəzləşdirilən içməli su şəbəkəsi mövcud deyil. Bu səbəbdən əhali əsasən quyu sularından istifadə edir və ya içməli suyu maşınlarla alır.

Ceyranbatan-Balaxanı-Ramana-Zirə magistral su xəttinin istismara verilməsi nəticəsində uzun müddətdir içməli sudan əziyyət çəkən bir sıra yaşayış məntəqələrinə fasiləsiz suyun verilməsi təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR