Maksim Medvedev: “Eyni tempdə oynamaq onun üçün çətindir” - MÜSAHİBƏ

Maksim Medvedev: “Eyni tempdə oynamaq onun üçün çətindir” - MÜSAHİBƏ
# 02 fevral 2020 20:20 (UTC +04:00)

Azərbaycan Premyer Liqasının XV turunda "Səbail"in qonağı olan "Qarabağ" 1:0 hesablı qələbə qazanaraq, ən yaxın izləyiciləri ilə aradakı fərqi 8 xala yüksəldib.

Apasport.az saytının məlumatına görə, qarşılaşmadan sonra təşkil edilən brifinqdə Ağdam klubunun müdafiəçisi Maksim Medvedev jurnalistlərin suallarını cavablandırıb.

- Qış fasiləsindən sonrakı ilk turdaca qələbə qazandınız. Oyun necə keçdi?
- Oyun ağır keçdi. Daha çox qol imkanları yaradacağımızı fikirləşirdik. Təəssüf ki, oyun istədiyimiz kimi getmirdi, rəqib kompakt müdafiə olunurdu. Onların müdafiəsini yarmaq çətin idi. Əsas odur ki, qol vurduq. Düzdür, qəribə qol alındı. Həmişə oyunöncəsi taktikanı necə qurmağı, necə qol vurmağı fikirləşirsən. Bu dəfə bir az fərqli oldu. 3 xal qazandığımız üçün sevinirik.

- Komanda Antalyada istədiyi keyfiyyətdə hazırlıq keçə bilib?
- Bəli, keçib. Ora 14-15 günlük getməyimizə baxmayaraq, öz işimizi görə bildik, yoxlama görüşlərində iştirak etdik. Kifayət qədər vaxtımız var idi, hər şey normal keçdi.

- Maykl Essyen ölkəmizə gələndən bəri ən yaxşı oyununu keçirdi. Demək olarmı ki, Essyen əvəzləndikdən sonra orta sahədə topla oynamaq sizə daha rahat oldu?
- Düşünmürəm ki, Essyenin meydanda olub-olmaması ilə nəsə dəyişib. Essyeni yaxşı tanıyırıq, təcrübəli futbolçudur. Gücü maksimum olanda birinci hissədə potensialını maksimum ortaya qoya bilir. Yaddan çıxarmayaq ki, yaşı çoxdur. 90 dəqiqə ərzində eyni tempdə oynamaq onun üçün çətindir. Amma demək olmaz ki, Essyeni əvəzləyən futbolçu zəif idi. Sadəcə, oyun üslubu bir qədər dəyişdi.

- Almeydasız və Kintanasız oynamaq orta sahədə sizə çətinlik yaratmır?
- Onlar olanda başqa cür oynayırıq, daha çox top saxlayırıq. Bu gün yüksək tempdə oyun keçdi. Gah bu, gah da digər qapıya hücumlar olurdu. Yenə də oyunda dominant biz olmaq istəyirik. Deyə bilərəm ki, alındı. Dani də tezliklə qayıdacaq.

- Növbəti turdakı rəqibiniz "Neftçi"də baş məşqçi dəyişikliyi olub, orada daxili atmosferin yaxşı olmadığı deyilir. Necə düşünürsünüz, 3 xal qazanmaq "Qarabağ" üçün çətin olmayacaq?
- Heç kim deyə bilməz ki, növbəti matçda 3 xal qazanacaq. Şanslar yarı-yarıyadır. Bilmirsən, necə olacaq. Düzdür, "Neftçi"yə yeni baş məşqçi gəlib, bəlkə də, bəzi dəyişikliklər var. Amma "Neftçi" ilə "Qarabağ" arasındakı oyunlar həmişə maraqlı alınıb. Biz də istəyirik ki, həmin qarşılaşma azarkeşlərin xoşuna gəlsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR