"Hard diskləri komitə sədrinin tapşırığı ilə evinin həyətində doğrayıb tulladıq" - Naxçıvanın sabiq maliyyə naziri və gömrükçünün məhkəməsi

"Hard diskləri komitə sədrinin tapşırığı ilə evinin həyətində doğrayıb tulladıq" - Naxçıvanın sabiq maliyyə naziri və gömrükçünün məhkəməsi
# 23 may 2024 16:31 (UTC +04:00)

Mayın 23-də Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən tərəfin nümayəndəsi iştirak etməyib. Zərərçəkən Azərbaycan Respublikası Maliyyə Nazirliyindən məhkəməyə müraciət edilib, dəymiş ziyan ödənildikdən sonra prosesdə iştirak edəcəklərini bildiriblər.

Təqsirləndirilən şəxs Rafael Əliyev bildirib ki, vəsaitin müəyyən hissəsi ödənilib və bu proses davam edir.

Daha sonra məhkəmədə şahidlərin ifadəsi dinlənilib. Şahidlər bildiriblər ki, TIR və GRP proqramları çoxdan yaradılıb və bu proqramlar vasitəsilə alınan pullar müvafiq adamlara - komitənin maliyyə şöbəsinə verilib. Bu göstərişi onlara komitə sədri Səhhət Həbibbəyli verib. Şahidlər qeyd ediblər ki, onlar proqrama müdaxilə edə bilməyiblər.

İdxal xətti ilə pullar manatla, tranzitlə gələnlərdən isə dollarla alınıb. Eyni zamanda, gömrüklərdə sərnişin xəttindən də pullar yığılıb və günün sonunda yığılan pullar barədə komitəyə məlumat verilib. Qeyd olunub ki, bu pullara heç kim dəyə bilməzmiş. Ay ərzində yığılan pulların miqdarı da müxtəlif olub. Bəzi gömrüklərdə xətlərə uyğun olaraq 200-250 min, bəzilərində isə 300-400 min manat pul yığılıb.

Həmin dövrdə gömrüklərdə şöbə müdirləri, post rəisləri kimi çalışan şəxslər aylıq olaraq 2000-3000 manat paket alıblar.

Şahidlər bildiriblər ki, hard-disklərin (yaddaş cihazlarının) məhv edilməsini onlara komitə sədri Səhhət Həbibbəyli tapşırıb: "Komitə sədri zəng elədi, hard-disklərin məhv edilməsini tapşırdı. Təxminən 20-30 hard-disk var idi. Çilingərlə bir evə getdik, həyətdə onları doğradı və şəhərdən kənarda olan məişət tullantılarının olduğu yerə atdı. Sonradan məlum oldu ki, getdiymiz ev Səhhət Həbibbəylinin yaşamadığı evidir".

Məhkəmədə ifadə verən şahidlər qeyd ediblər ki, gömrüklərdən keçən maşınlar tərəzilərə çıxarılırmış və hər birindən 20 manat alınırmış: “İl ərzində təxminən 1-1,2 milyon manat pul yığılırdı ki, o da komitədə Rafael Əliyev və Mənsur Əsgərova verilirdi”.

Daha sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Xəzinədarlıq şöbəsinin müdiri Nurlan Hacıyev şahid kimi dindirilib. O, bildirib ki, çalışdığı dövrdə müəyyən edilən fiziki şəxslərin pullar çıxarışla alınırmış:

"Dövlət büdcəsindən həmin şəxslərə köçürülən vəsaitlərin sənədləri çıxarılırdı və onlardan köçürülən vəsaitin 10 faizi alınırdı. Bu tapşırığı maliyyə naziri Rafael Əliyev vermişdi. Gətirib otaqda mənə verirdilər, mən də nazir Rafael Əliyevə verirdim".

Nurlan Hacıyev hər ay 1000-1200 manat paket aldığını da qeyd edib. Şahid ifadəsində vurğulayıb ki, 2021-ci ilin əvvəlindən 2022-ci ilin oktyabr ayınadək təxminən 3-3,5 milyon manatı Rafael Əliyevə xidməti otağında verib.

Təqsirləndirilən R.Əliyev şahidin ifadəsini təsdiqləyib.

Daha sonra prokuror vəsatət qaldıraraq bütün proseslərdə zərərçəkənlərlə üzləşməsi üçün Nurlan Hacıyevin iştirakının təmin olunmasını məhkəmədən xahiş edib.

Məhkəmə prokurorun vəsatətini təmin edib.

Proses iyunun 11-də davam etdiriləcək.

Qeyd edək ki, Rafael Əliyev və Mənsur Əsgərov 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən araşdırma tədbirləri nəticəsində cinayət məsuliyyətinə cəlb ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR