Bu ilin I yarısında DSMF-nin gəlirləri 45 mln. manata yaxın artıb - FOTO

Bu ilin I yarısında DSMF-nin gəlirləri 45 mln. manata yaxın artıb - <span style="color: red;">FOTO
# 28 iyul 2015 12:17 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Dövlət Sosial Müdafiə Fondunda 2015-ci ilin I yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib.

Fondun mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, iclasda giriş nitqi söyləyən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev pensiya təminatı sisteminin yenidən qurulduğunu, pensiyaçıların sosial müdafiəsinin yaxşılaşdırıldığını bildirib.

Sığorta-pensiya sisteminin cari ilin 6 ayını müvəffəqiyyətlə başa vurduğunu diqqətə çatdıran E.Mehdiyev fondun hesabat dövrü ərzində fəaliyyəti barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, cari ilin I yarısında fondun gəlirləri 2014-cü ilin müvafiq dövrünə nisbətən 44,8 mln. manat və ya 3,2% artaraq 1466,5 mln. manata yüksəlib.

Hesabat dövrü ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin I yarısı ilə müqayisədə 8,0% və ya 64,3 mln. manat artaraq 870,2 mln. manat təşkil edib. Qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 65,3%-ni və ya 568,5 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5% və ya 49,1 mln. manat artıqdır. Ölkədəki iqtisadi inkişafın əyani təsdiqi kimi qeyri-büdcə üzrə sosial sığorta daxilolmalarındakı əhəmiyyətli artım tendensiyası, eyni zamanda, dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna ayrılan transfertin xüsusi çəkisinin azalmasına səbəb olub.

Cari ilin I yarısında fondun xərcləri 1457,7 mln. manat təşkil edib və bunun da 1431,0 mln. manatı və yaxud 98,2%-i əhaliyə ödənişlərə yönəldilib. Əmək pensiyaları ilə bağlı xərclər 1395,4 mln. manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər isə 35,6 mln. manat təşkil edib. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 2015-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 1,4%-lik artım tətbiq olunub. Fondun daxilolmalarının artım səviyyəsi hər ay pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib.

İyulun 1-nə əmək pensiyalarının orta aylıq məbləği 175,1 manat olub. Ölkə üzrə yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əmək haqlarının orta aylıq məbləğinə nisbəti 43%-dən yuxarı təşkil edib ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə tam cavab verir.

Fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı cari ilin əvvəlinə nisbətən 122,5 min nəfər artaraq 3 mln. 98 min nəfərdən çox təşkil edib ki, bu da ölkədəki iqtisadi inkişafa uyğun olaraq daimi yeni iş yerlərinin yaradılmasının, habelə sosial sığorta sistemində təbliğat işlərinin gücləndirilməsi və iştirakçıların aktivliyinin artırılmasının göstəricisidir.

“Elektron hökumət” portalının statistikasına əsasən Dövlət Sosial Müdafiə Fondunun göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasındadır. 2015-ci ilin I yarısında fondun öz saytı, “elektron hökumət portalı” və “elektron ödəniş portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 1 mln 300 minə yaxın istifadə sayı qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2,6 dəfə artıq olmaqla, keçən ilin illik göstəricisi səviyyəsindədir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmayan torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin hesabatlarının elektron formada qəbulunu təmin etmək məqsədilə fondun bütün yerli orqanlarında yardım masaları fəaliyyət göstərib. Sosial sığorta haqlarının ödənişi və hesabatlılığı sahəsində avtomatlaşdırma nəticəsində Azərbaycan “Doinq Business 2015” hesabatında 32 pillə irəliləyib.

Pensiya təyinatının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən “Mərkəzi Çağrı Sistemi” vasitəsi ilə həyata keçirilməsi, habelə “ASAN xidmət” mərkəzlərində əmək pensiyalarının təyinatı xidmətinin təşkili işi daha da genişləndirilib.

Fondun sahibkarlıq fəaliyyəti sahəsində universal telefon məlumat xidmətinin (Çağrı Mərkəzi) yaradılması məqsədilə 195 Çağrı Mərkəzinin Fondun çağrı mərkəzinə inteqrasiyası həyata keçirilib.

Pensiyaların plastik kartlarla ödənişinin kənd yerlərində yaşayan pensiyaçıları əhatə etməsi tədbirlərinin daha da genişləndirilməsi nəticəsində pensiyaçıların 100%-nin pensiyasının plastik kartlarla ödənilməsi təmin olunub.

Müasir informasiya texnologiyalarından istifadə etməklə interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirilməsi və əhalinin elektron xidmətlərə çıxış imkanlarının daha da genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər davam etdirilib. Cari ilin I yarısında bu məqsədlə fond 3 sayda mərkəzi, 8 sayda regional təqdimat keçirib. Bununla yanaşı “Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır” mövzusunda KİV arasında müsabiqə keçirilib. Həmçinin elektron xidmətlər mövzusunda xüsusi reklam çarxı televiziya kanallarında yayımlanıb. Bu sahədə ardıcıl tədbirlərin həyata keçirilməsi nəticəsində cari ilin 6 ayı ərzində fondun aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23% azalıb.

Cari ilin 6 ayı ərzində vətəndaşların müəyyən olunan qrafikə uyğun qəbulu, onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılması və haqlı tələblərinin həll edilməsi təmin olunub.

Hesabat dövründə bilavasitə fondun sədri tərəfindən 223 vətəndaş qəbul edilərək onların müraciətlərinə baxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR