Seulda azərbaycanlı musiqiçilərin iştirakı ilə konsert keçirilib

Seulda azərbaycanlı musiqiçilərin iştirakı ilə konsert keçirilib
# 07 may 2015 10:19 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin və Koreya Fondunun birgə təşkilatçılığı ilə Seul şəhərinin tanınmış incəsənət mərkəzlərindən olan “Seoul Arts Center”də klassik musiqi konserti keçirilib.

Azərbaycanın Koreyadakı səfirliyindən APA-ya verilən məlumata görə, konsertdə Azərbaycan Dövlət Filarmoniyasının solistləri pianoçu Səidə Tağızadə və violençel ustası Aleksey Miltyix Koreyanın tanınmış skripka ustası Kim Bomsori ilə birgə konsert proqramı ilə çıxış ediblər.

Konsertdə Koreya Fondunun prezidenti Hyun-sok Yu, Türkiyə, Rusiya, Bolqarıstan, Rumıniya, Belarus, Gürcüstan, Pakistan, Monqolustan, Tunis, Seneqal və s. ölkələrin Seulda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri, habelə Koreya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun prezidenti Hvanq Yunq-çol və Milli Assambleyanın əməkdaşları, jurnalistlər və və ictimai-siyasi xadimlər iştirak ediblər. Tədbirdə iştirak edən yüksək səviyyəli qonaqlar üçün konsertdən əvvəl rəsmi qəbul təşkil edilib.

Konsertdə dünya və Azərbaycan klassik musiqisinin nümunələri təqdim edilib. Azərbaycan Dövlət Filarmoniyasının solistləri ilə koreyalı skripka ustasının ifasında Frederik Şopen, Aleksandr Çaykovski, Frans Vaksman və Astor Piazolla ilə yanaşı dünya şöhrətli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, Cahangir Hacıyev, Oqtay Zülfüqarov, Nazim Əliverdibəyov və Musa Mirzəyevin əsərləri tədbir iştirakçılarında böyük təəssürat yaradıb.

Konsertlə bağlı Koreyanın nüfuzlu “The Korea Times” və “Korea Herald” qəzetlərində məqalələr dərc olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR