Bu il Azərbaycanda əmtəə bazarı 9%-ə yaxın artıb

Bu il Azərbaycanda əmtəə bazarı 9%-ə yaxın artıb
# 28 mart 2015 08:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5% artaraq 3,5 mlrd. manat olub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehlak mallarının 99,8%-i özəl təsərrüfat subyektlərində, o cümlədən 11,8%-i hüquqi şəxs statuslu müəssisələrdə, 52,9%-i fərdi sahibkarlara məxsus ticarət subyektlərində, 35,1%-i isə əmtəə bazarlarında satılıb. Özəl bölmə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2014-cü ilin yanvar-fevral aylarının səviyyəsini 8,5% üstələyib, bu bölmə üzrə real artımın 74,8%-i fərdi sahibkarların ticarət fəaliyyəti sayəsində yaranıb.

Hesabat dövründə ticarət şəbəkəsindən hər bir istehlakçı orta hesabla ayda 186,9 manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,4 manat çox əmtəə alıb. Bu artımın 72,6%-i və ya 11,9 manatı hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların ticarət subyektlərində yaranıb.

Əmtəə dövriyyəsinin ümumi həcmində qeyri-ərzaq mallarının xüsusi çəkisi artaraq 2014-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 46,6%-dən 49,9%-dək yüksəlib. Pərakəndə şəbəkədə satılmış qeyri-ərzaq mallarının həcmi 16,8% artaraq 1768,7 mln. manata çatıb. Qida məhsulları, içkilər və tütün məmulatları üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünün səviyyəsini 1,6% üstələyib.

Hesabat dövründə hər bir istehlakçı fərdi istehlak məqsədi ilə pərakəndə ticarət müəssisələrində orta hesabla ayda 93,6 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 93,3 manatlıq qeyri-ərzaq malları alıb. 2014-cü ilin müvafiq göstəricisi ilə müqayisədə istehlakçılar tərəfindən qeyri-ərzaq mallarının alınmasına 13,8 manat daha çox vəsait xərcləndiyi halda, qida məhsulları, içkilər və tütün məmulatları üzrə bu məbləğ 2,6 manata bərabər olub.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,1%-i qida məhsulları, içkilər və tütün məmulatlarının, 18,1%-i toxuculuq malları, geyim və ayaqqabıların, 5,7%-i elektrik malları və mebelin, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və digər məmulatların, 1,2%-i əczaçılıq və tibbi malların, 6,6%-i avtomobil yanacağının, 17,6%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR