Polşada idmançıların I Avropa Oyunlarına yola salınma mərasimi keçirilib

Polşada idmançıların I Avropa Oyunlarına yola salınma mərasimi keçirilib
# 08 iyun 2015 17:26 (UTC +04:00)

Azərbaycanın Polşadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə İdman və Turizm Nazirinin müavini xanım Dorota İdzi, Polşa Olimpiya Komitəsinin sədri Andjey Kraşnitski, Polşa Olimpiya Komitəsinin baş direktoru Adam Kşeşinski, Azərbaycanın Polşadakı səfirliyinin müşaviri Ülvi Baxşəliyev, Polşa Olimpiya Komitəsinin əməkdaşları, idmançılar və jurnalistlər iştirak edib. Tədbirdə 77 nəfər olmaqla, güləş, triatlon, velosipedçilər, stolüstü tennis və voleybol idman növləri üzrə ilk heyətin yola salma mərasimi keçirilib.

İlk olaraq Bakı və Avropa Oyunlarını yaxından tanıdan video çarx qonaqlara təqdim edilib. Filmdə Azərbaycan Respublikasının yüksək standartlara malik, beynəlxalq yarışmaları qəbul edəcək idman obyektləri göstərilib. Daha sonra giriş sözü ilə çıxış edən Polşa Olimpiya Komitəsinin sədri Andjey Kraşnitski idmançıları və qonaqları salamlayıb və tarixdə ilk dəfə keçirilən I Avropa Oyunlarında polşalı idmançıların da təmsil olunmasından qürur hissi duyduğunu bildirib. Xüsusi olaraq bildirilib ki, Azərbaycanda Polşa idmançılarını yüksək qonaqpərvərlik gözləyir. Tədbir zamanı hər bir idmançı və məşqçiyə I Avropa Oyunlarında iştirakları ilə bağlı akkreditasiya kartları təqdim edilib və idmançıların and içmə mərasimi olub.

Son olaraq isə Azərbaycan səfirliyinin müşaviri Ülvi Baxşəliyev idmançılara və onları müşayiət edən heyətə I Avropa Oyunlarında uğurlar arzulayıb. I Avropa Oyunları ilə əlaqədar olaraq səfirlik xüsusi Azərbaycan-Polyak danışıq kitabçasını nəşr etdirib və kitab Bakıya səfər edən heyətə təqdim olunub. Polşa Olimpiya Komitəsindən səfirliyə verilən məlumata əsasən növbəti yola salma mərasimləri 10, 11 13, 14, 18 və 20 iyun tarixlərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR