Azərbaycanlı iş adamları Acarıstana investisiya yatırmağa dəvət edilir

Azərbaycanlı iş adamları Acarıstana investisiya yatırmağa dəvət edilir
# 05 noyabr 2014 12:43 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Noyabrın 5-də Bakı Biznes Mərkəzində Azərbaycan-Gürcüstan biznes forumu keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə keçirilmiş forumda çıxış edən Azpromo-nun rəhbəri Rüfət Məmmədov Azərbaycan və Gürcüstan arasında iqtisadi-ticarət əlaqələri barədə məlumat verilib.

Qeyd edilib ki, hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, tikinti, turizm, sənaye, konsaltinq, kənd təsərrüfatı, qida sənayesi və sair sahələrdə fəaliyyət göstərən 50-dən çox iş adamının iştirakı ilə keçirilən bugünkü biznes forum da iş adamları arasında əlaqələrin inkişafına töhfə verəcək.

R. Məmmədov Azərbaycan investisiya ixrac edən ölkəyə çevrildiyini və artıq yerli şirkətlərin bir sıra xarici ölkələrə sərmayələr yatırdığını qeyd edərək Gürcüstanın bu istiqamətdə xüsusi yer tutduğunu vurğulayıb. O, bildirib ki, hazırda nəqliyyat, kənd təsərrüfatı, sənaye, rabitə, xidmət və sair sahələrdə 194 Gürcüstan şirkəti Azərbaycanda, 300-dən çox Azərbaycan şirkəti isə Gürcüstan iqtisadiyyatının müxtəlif sahələrində uğurla fəaliyyət göstərir. Gürcüstan iqtisadiyyatına qoyulan xarici investisiyalara görə Azərbaycan şirkətləri aparıcı yerləri tuturlar.

Azpromo rəhbəri Gürcüstanla müxtəlif sahələrdə geniş əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb və Gürcüstanla müştərək turizm marşrutlarının müəyyən edilməsinin məqsədəuyğunluğunu qeyd edib.

Acarıstan Muxtar Respublikasının iqtisadiyyat və maliyyə naziri David Baladze respublikada xarici investorlar üçün əlverişli biznes və investisiya mühitinin yaradıldığını bildirib və Acarıstana investisiya qoyuluşu imkanları barədə məlumat verib.

D. Baladze azərbaycanlı iş adamlarını Acarıstan Muxtar Respublikasında investisiya layihələrində fəal iştiraka dəvət edib.

Tədbirdə Azpromo-nun nümayəndəsi Azərbaycanın biznes mühiti və investisiya imkanlarına dair, Acarıstanın İqtisadiyyat və Maliyyə Nazirliyinin İqtisadi inkişaf departamentinin baş mütəxəssisi Uça Surmanidze “Acarıstan investisiyalar üçün əlverişli məkandır”, Batumi Turizm Agentliyinin Turizm və Kurort Departamentinin direktoru Sofia Lazişvili “Acarıstan turistlər üçün əlverişli məkandır” mövzusunda təqdimatlarla çıxış ediblər.

Biznes forum iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR