Şahin Mustafayev və Rövnəq Abdullayev “Petkim”də aparılan işlərlə tanış olub

Şahin Mustafayev və Rövnəq Abdullayev “Petkim”də aparılan işlərlə tanış olub
# 21 iyul 2014 08:29 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev başda olmaqla, Azərbaycandan bir qrup nümayəndə heyəti Türkiyənin İzmir vilayətində, Əliağa bölgəsində səfərdə olub.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, səfər çərçivəsində onlar ARDNŞ-ın idarəçiliyində olan “Petkim” neft-kimya şirkətinin müəssisələrinə baş çəkib, görülən işlərlə tanış olublar. Nazirə və şirkət prezidentinə “Petkim”in fəaliyyəti, istehsalat göstəriciləri və son illərdə əldə etdiyi nailiyyətlər haqqında ətraflı məlumat verilib.

Qonaqlar şirkətin Plastik Qablaşdırma Fabrikinin açılışında iştirak edib. Daha sonra onlar “Petkim”in ərazisində inşa olunan konteyner limanında işlərin gedişi ilə tanış olublar. Bildirilib ki, bu obyekt yaxın illərdə Türkiyənin ən böyük konteyner limanı olacaq.

Daha sonra onlar “STAR” neft emalı zavodunun inşa edildiyi əraziyə də baş çəkiblər. Təməli Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən 2011-ci ildə qoyulmuş “STAR” zavodunun tikintisi Türkiyədə həyata keçirilən ən böyük investisiya layihələrindən biridir. İllik emal gücü 10 milyon ton həcmində nəzərdə tutulan bu zavod “Petkim”i xammal ilə təchiz edəcək, məhsullarının çox hissəsini Türkiyənin daxili bazarında reallaşdıracaq, bir hissəsini isə Aralıq dənizi və Cənubi Avropa bazarlarına ixrac edəcək.

Zavodda ilk məhsulun 2017-ci ilin sonlarına alınması nəzərdə tutulur. “STAR” zavodu istismara buraxıldıqdan sonra SOCAR Türkiyənin üçüncü ən böyük müəssisəsi, enerji sektorunda isə birinci şirkəti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR