Mənimsəmədə ittiham olunan şirkət rəhbərinin və əməkdaşlarının apellyasiya məhkəməsi başa çatıb

 Mənimsəmədə ittiham olunan şirkət rəhbərinin və əməkdaşlarının apellyasiya məhkəməsi başa çatıb
# 06 noyabr 2014 12:30 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində dələduzluq yolu ilə vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə ittiham olunan Rövşən Nağızadə, İrina Podoqova və Marina Məmmədovanın apellyasiya şikayətləri əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, R. Nağızadəyə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası yenidən müəyyən olunub. Qalan hissələrdə isə şikayətlər təmin edilməyib.

İttihama görə, "Rona" şirkətinin təsisçisi Rövşən Nağızadə, baş mühasib Marina Məmmədova və mühasib İrina Podoqova 2004-cü ildə "Space" telekanalında imkansız şəxslərə yardım adı altında "Mərhəmət sorağında" proqramını hazırlayıb təqdim ediblər.

Proqramda "Azercell" BM-nin ayırdığı nömrəyə tamaşaçıların göndərdiyi sms-lər şirkətin "Koçbank"dakı hesabına köçürülüb. Həmin şəxslər hesaba köçürülən 57445 manatı mənimsəməkdə təqsirləndirilirlər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Nağızadə 9 il 6 ay, İrina Podoqovana 8 il, Marina Məmmədova 10 il müddətinə azadlıqdan məhrum edilib. Lakin hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti veriblər. Şikayətdə R. Nağızadənin cəza müddətinin onun həbs olunduğu gündən hesablanması məsələsi də yer alıb. Məhkəmə həmin hissəni təmin edib.

Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 213.4-cü (külli miqdarda vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR