Bank Of Baku

MTN və Baş Prokurorluq «Əbu-Bəkr» məscidində partlayış törədən dəstənin digər üzvlərinin zərərsizləşdirilməsi barədə məlumat yayıb

MTN və Baş Prokurorluq «Əbu-Bəkr» məscidində partlayış törədən dəstənin digər üzvlərinin zərərsizləşdirilməsi barədə məlumat yayıb
# 08 sentyabr 2008 15:07 (UTC +04:00)
MTN-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, sentyabrın 6-da həmin dəstənin fəal üzvlərindən biri Telman Abdullayevin Qusar rayon Avaran və Xurel kəndləri arasındakı meşə massivində olması barədə məlumat əldə edilib. Qeyd olunub ki, Telman Abdullayev hələ 2007-ci il sentyabrın 26-da «Meşə qardaşları» adlanan cinayətkar birləşmənin zərərsizləşdirilməsi üzrə hüquq-mühafizə orqanlarının Qusar rayonu ərazisində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı iki polis işçisini yaralayaraq hadisə yerindən qaçmağa müvəffəq olub. Faktla bağlı Qusar rayon prokurorluğu tərəfindən həmin tarixdə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə başlanan cinayət işi üzrə Telman Abdullayev barəsində təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərar çıxarılıb, lakin qaçıb gizləndiyi yer məlum olmağından onun tutulması üçün axtarış elan edilib. Sentyabrın 6-da Telman Abdullayevin meşədə olduğu ehtimal edilən əraziyə baxış keçirilib və burada düşərgə yeri, istifadə məqsədilə toplanmış məişət əşyalarının və sairə aşkar edilməsi ilə əlaqədar görülən tədbirlərlə şübhəli şəxslərin Qusar şəhərində Rasim Əsədullayevə məxsus evdə gizləndikləri müəyyən edilib. Elə həmin gün terrorçuların zərərsizləşdirilməsi məqsədilə xüsusi plan hazırlanıb və Milli Təhlükəsizlik Nazirliyinin «Qartal» Xüsusi Təyinatlı dəstəsi tərəfindən antiterror əməliyyatı həyata keçirilib. Bu zaman təslim olmaq barədə əmrə tabe olmayan evdə gizlənən şəxslər tərəfindən xüsusi təyinatlılara əl qumbarası atılıb və avtomat silahlardan atəşlər açılıb. Silahlı müqavimətin qarşısı alınarkən Qusar şəhər sakinləri - Telman Abdullayev və Gürşad Əlixanov öldürülüb, Ramil Əsədullayev isə yaralanıb. Sonuncu rayon Mərkəzi Xəstəxanasına çatdırıldığı zaman keçinib.
Hadisə yerindən 1 ədəd «AKMS» və 1 ədəd «AKS-74» markalı avtomat silahları, 1 ədəd «PM» markalı tapança, avtomat silahlar üçün 4, tapança üçün 2 ədəd sandıqça, çoxlu sayda müxtəlif çaplı patronlar, soyuq silah, səhra çadırı, xəritə, kompas, hərbi-taktiki dərsliklər, dərmanlar, 15 min 700 ABŞ dolları və 460 manat məbləğində pul, habelə 2 ədəd «YAESU» markalı radiostansiya aşkar olunaraq götürülüb. Mütəxəssislər tərəfindən həmin radiostansiyaların texniki parametrləri müəyyənləşdirilərkən məlum olub ki, ultra qısa dalğa diapazonunda işləyən bu rabitə vasitələri yüksək professional göstəricilərə, o cümlədən təqribən 3-5 kilometr məsafədə rabitə yaratmaqla yanaşı, efirə nəzarət etmək, İnternetə qoşulmaq və digər imkanlarına malikdir.
Eyni zamanda, hadisə yerindən götürülən «AKS-74» markalı avtomat silahın 2008-ci il avqustun 29-da Qusar rayonunun Həzrə kəndi yaxınlığında həyata keçirilən əməliyyat zamanı DİN Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsinin həlak olmuş çavuşu Əli Yolçuyevə məxsus olduğu məlum olub. Tədbir zamanı zərərsizləşdirilmiş şəxslərdən götürülən silahların arasındakı «PM» markalı tapançadan Telman Abdullayev tərəfindən istifadə edilməklə 2007-ci il sentyabrın 26-da iki polis işçisinə güllə yarası yetirilməsi və 2008-ci il avqustun 29-da isə DİN Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsinin çavuşunun öldürüməsi müəyyən edilib.
Xüsusi əməliyyat keçirilərkən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları və yerli rayon polis şöbəsinin əməkdaşları asayişin qorunması və ətrafda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi işinə cəlb olunublar. Keçirilən xüsusi tədbir zamanı əməliyyatda iştirak edən qüvvələr arasında itki və yaralanan olmayıb. İşin bütün hallarının araşdırılması üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR