Bank Of Baku

DİN Goranboy sakininin polis məntəqəsində öldürülməsi faktını təkzib edir

DİN Goranboy sakininin polis məntəqəsində öldürülməsi faktını təkzib edir
# 30 oktyabr 2008 15:47 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. “Goranboy rayon sakini Məhəmməd Rəhimov sahə müvəkkilinin otağında ölüb”. Bu sözləri APA-ya İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov verib. Onun sözlərinə görə, hadisə avqust ayının 31-də Goranboyun Dəliməmmədli şəhərində baş verib: “Məhəmməd Rəhimov toydan sərxoş vəziyyətdə qayıdarkən evində tanımadığı kişinin olduğunu görüb. Rəhimovla Vaqif adlı həmin şəxs arasında mübahisəsi düşüb. Vaqif zəng edərək evə polis çağırıb. Evə gələn iki polis əməkdaşı Vaqiflə birgə Məhəmməd Rəhimovu Dəliməmmədli şəhərində yerləşən polis sahə müvəkkilliyinə aparıb. Hadisədən iki saat sonra ərinin dalınca gedən Yeganə Kazımova M. Rəhimovun sahə müvəkkilinin otağından 20 metr aralıda həyətdə, ağacın altında meyitini tapıb. Yeganə Kazımova ərinin meyiti üzərində çoxlu sayda xəsarət əlamətlərinin olduğunu görsə də, əvvəlcə bu barədə heç kimə danışmayıb”.

Lakin artıq ərinin ölümünün qohumları və İşgəncələrə Qarşı Azərbaycan Komitəsi tərəfindən araşdırıldığını gördükdə Kazımova hər şeyi olduğu kimi danışmaq məcburiyyətində qalıb. Komitə sədri E. Behbudov apardığı araşdırmalar nəticəsində M. Rəhimovun Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən döyülərək öldürülməsi faktının təsdiqləndiyini bildirib. O, həmçinin əlində bu faktları sübut edən kifayət qədər dəlillərin və video görüntünün olduğunu bildirib. Hüquq müdafiəçisi məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət etdiyini deyib.

Mərhumun bacısı Xatirə Rəhimova da APA-ya açıqlamasına qardaşının polis əməkdaşları tərəfindən döyülərək öldürüldüyünü iddia edib. Buna baxmayaraq, işgəncə faktının RPŞ tərəfindən rədd edildiyini vurğulayan X. Rəhimova məsələ ilə bağlı ölkə başçısına müraciət etdiklərini bildirib.

Goranboy rayon Polis Şöbəsinin məsul əməkdaşı Rahib Tağıyev isə APA-ya açıqlamasında E. Behbudovun və mərhumun bacısının dediklərini təkzib edib. O, 31 avqust tarixində M. Rəhimovun həyat yoldaşı ilə dalaşdığı üçün polis məntəqəsinə dəvət olunduğunu bildirib. Məntəqənin həyətində M. Rəhimovun özünü pis hiss edərək yıxıldığını söyləyən R. Tağıyev onun həmin vaxt sərxoş olduğunu və ürək tutmasından vəfat etdiyini bildirib. “Hadisə ilə əlaqədar rayon prokurorluğu tərəfindən araşdırma aparılıb və prokurorluqdan bizə bildirilib ki, bu hadisədə cinayət tərkibi yoxdur”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov da APA-ya açıqlamasında M. Rəhimovun ölümündə işgəncə faktının olmadığını bildirib. Baş vermiş hadisənin nazirlik tərəfindən ciddi araşdırıldığını söyləyən S. Gözəlov M. Rəhimovun ölümünə Məhkəmə tibbi ekpertizası tərəfindən rəy verildiyini diqqətə çatdırıb. “Tibbi ekspertizanın rəyinə əsasən, Məhəmməd Rəhimov ürək tutmasından vəfat edib” deyən S. Gözəlov hadisədə cinayət tərkibinin olmadığını və faktla əlaqədar Goranboy rayon Prokurorluğu tərəfindən araşdırma aparıldığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR