Bank Of Baku

Partlayış baş vermiş binanın sökülüb-sökülməyəcəyi və ya əsaslı təmir olunacağına dair yekun qərar bu günlərdə veriləcək

Partlayış baş vermiş binanın sökülüb-sökülməyəcəyi və ya əsaslı təmir olunacağına dair yekun qərar bu günlərdə veriləcək
# 23 dekabr 2008 10:23 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Baş nazirin müavini Abid Şərifov Nizami rayonu ərazisində yaşayış binasında partlayışın baş verdiyi əraziyə baş çəkib. Bu barədə APA-ya məlumat verən rayon Fövqəladə Hallar Komissiyasının sədri Ərrəhman Həsənov nazir müavininin hadisə yerində bəzi məsələləri müzakirə etdiyini bildirib. A. Şərifovun binanın sökülüb-sökülməməsi və ya əsaslı təmir olunması barədə müzakirə apardığını diqqətə çatdıran komissiya sədri bu barədə yekun qərarın bu günlərdə veriləcəyini bildirib. Yaşayış binasında baş vermiş partlayış nəticəsində evləri dağılmış sakinlər üçün Nazirlər Kabinetinin qərarına əsasən, kirayə evlərin tutulmasına başlandığını söyləyən Ə. Həsənov bu məqsədlə ayrılan vəsaitin azlıq təşkil etməsi barədə məlumatların həqiqətə uyğun olmadığını deyib: “Dövlət evləri dağılmış sakinlərə bazar qiymətləri çərçivəsində, mənzillərinin otaq sayını nəzərə alaraq 300-500 manat civarında vəsait ayırıb. Kimlərsə rayondan kənar, paytaxtın mərkəzində ev tutmaq istəyirsə, biz nə edə bilərik?”

Hazırda sözügedən ərazidə Fövqəladə Hallar Nazirliyi, Bakı şəhər Prokurorluğu və rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri tərəfindən araşdırma işləri davam etdirilir.

Qeyd edək ki, dekabrın 13-də Nizami rayonu, Naxçıvanski, 34 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində binanın iki bloku dağılıb, 3 nəfər ölüb, 5 nəfər isə ağır yaralanıb. İlkin versiyaya görə, partlayışa təmir işləri aparılan 27-ci mənzildə qaz sızması səbəb olub.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 222.2-ci (tikinti, mədən və s. işləri aparılarkən təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə ya digər ağır nəticələrə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR