Bank Of Baku

Samir Əliyev: “Cihad barədə ilk dəfə Əbu-Bəkr məscidində Qamət Süleymanovun xütbəsində eşitmişəm”

Samir Əliyev: “Cihad barədə ilk dəfə Əbu-Bəkr məscidində Qamət Süleymanovun xütbəsində eşitmişəm”
# 24 dekabr 2008 10:23 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədovun və digər 19 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim İslam Neymanovun sədrliyi ilə keçirilən proses başlanan kimi təqsirləndirilən Tərlan Kərimov vəkili Yavər Hüseyndən imtina etməsi barədə məhkəmədən xahiş edib. Məhkəmə onun xahişini qəbul edib.
Daha sonra prosesdə təqsirləndirilən Samir Əliyev sərbəst ifadə verib. O, digər təqsirləndirilənlərlə 2007-ci ildə tanış olduğunu deyib. İbtidai istintaq zamanı cinayət işində öz əksini tapan ittihamlarla razılaşmadığını bildirən S. Əliyev Kamran Əsədovu yalnız bir dəfə, digər təqsirləndirilən Kamran Babayevin evində 2007-ci ilin oktyabrın 21-də gördüyünü deyib. S. Əliyev Bakıdakı “Elekrotok” qəsəbəsində K. Babayevin evində ittiham aktında qeyd olunan cinayət hadisəsinin planlaşdırılması barədə görüşdə iştirak etdiyini desə də, ümumi söhbətlərə qatılmadığını bildirib.
O, Azərbaycanda silahlı yolla cihadın tərəfdarı olmadığını da deyib. Daha sonra təqsirləndirilən şəxs prokurorun, hakimin, vəkillərin suallarını cavablandırıb.
S. Əliyev cihadla bağlı sürülən ittihamları qəbul etmədiyini deyib: “Əgər cihadla bağlı məsələyə bu qədər yetirilirsə, Qurani-Kərimin əksər ayələrində cihad əks olunub və bu, İslam dininin əsasını təşkil edir. Cihadla bağlı ilk dəfə Əbu-Bəkr məscidində Hacı Qamət Süleymanovun xütbəsində eşitmişəm. Əgər bu problemdirsə, onun özündən soruşun”.
Prosesdə S. Əliyevin vəkili ilə prokuror arasında mübahisə yaranıb. Vəkil ibtidai istintaq zamanı müstəntiqin istintaqı qərəzli apardığını qeyd edərək buna etiraz edib.
Proses günün ikinci yarısında davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehbalıyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yalçın Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Mehrəliyev, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR