Bank Of Baku

İlhamə Quliyevanın oğlunun və digərlərinin məhkəməsində şahid ifadələri dinlənilib

İlhamə Quliyevanın oğlunun və digərlərinin məhkəməsində şahid ifadələri dinlənilib
# 24 dekabr 2008 11:27 (UTC +04:00)
Bakı. Hafiz Heydərov -APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamov və Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladları Mahir Mirsalamov, Yalçın Həsənov, sabiq polis kapitanı Vüqar Əliyev və daha 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri alınıb. Məhkəmədə ifadə verən “Səbuhi” səsyazma studiyasının səs rejissoru Nazim Məmmədov təqsirləndirilən şəxs, Y. Həsənovla uzun müddət dostluq münasibətində olduğunu və bu müddət ərazində onun dilindən bir dəfə də olsun “Ekstazi” barədə eşitmədiyini söyləyib. Təqsirləndirilən şəxs Y. Həsənov adıçəkilən şahidin istintaqa çağırılmasının səbəblərini açıqlayıb: “Mənim telefonum istintaq zamanı yoxlanılanda orada müğənni Röya ilə Nazimin adlarının olduğunu gördülər. İstintaq da Nazimin kimliyini müəyyən etmək üçün Milli Təhlükəsizlik Nazirliyinə çağıraraq ifadəsini aldı. Onun bu məsələ ilə heç bir əlaqəsi yoxdur.”
Daha sonra məhkəmədə ifadə verən Bakı Dövlət Universitetinin tələbəsi Fərəh Qüdrətova təqsirləndirilən şəxslər M. Mirsalamov və Ə. İsmayılovla tanışlığının olduğunu və onların barəsində istintaqa verdiyi ifadələrinin hamısını təsdiqləyib. O, həmçinin həmin şəxslərlə yaxın münasibətdə olmasından peşmançılıq keçirdiyini bildirib.
Ə. İsmayılov isə istintaq zamanı yalan ifadə verməyə məcbur edildiyini, əks təqdirdə onu F. Qüdrətovanı zorlamaqda təqsirkar biləcəkləri barədə hədələndiyini deyib. Məhkəmə Ə. İsmayılovun ifadəsinə aydınlıq gətirmək məqsədi ilə F. Qüdrətovanın iştirakı ilə yarım saat qapalı keçirilib.
Proses sabah davam etdiriləcək.
Xatırladaq ki, adıçəkilən şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsində ittiham olunurlar. İttiham aktına əsasən onlar Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurlar. Onlar bu ilin mayında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR