Bank Of Baku

Radikal qrupda birləşərək hərbi mübarizəyə başlamağa cəhd etməkdə təqsirləndirilən şəxslər məhkəmədə ifadə veriblər

Radikal qrupda birləşərək hərbi mübarizəyə başlamağa cəhd etməkdə təqsirləndirilən şəxslər məhkəmədə ifadə veriblər
# 24 dekabr 2008 15:12 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün günün ikinci yarısında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədovun və digər 19 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Rövşən Əbdüləliyev və Şirvani Babayev sərbəst ifadə veriblər. R. Əbdüləliyev ifadəsində deyib ki, təqsirləndirilən şəxslərlə heç bir cinayət xarakterli əlaqəsi olmayıb. Digər təqsirləndirilən şəxs Kamran Babayevin evində keçirilən iftar məclisində ailəsi ilə iştirak etdiyini deyən R. Əbdüləliyev sonra isə oktyabrın 6-dan 7-nə keçən orada keçirilən məclis barədə danışıb: “Kamran Əsədov hərbi xidmətdən məzuniyyətə gəlmişdi. Dedi ki, niyə silahlı cihad etmirsiz, Əfqanıstanda və Pakistanda kafirlərlə döyüşmürsüz? Kamran Babayev isə ona dedi ki, Azərbaycanda buna ehtiyac yoxdur”.
R. Əbdüləliyev bundan sonra prokuror və hakimin suallarını cavablandırıb. Əhli-sünnə təriqətindən olduğunu bildirən təqsirləndirilən şəxs 2005-ci ilin mayın 14-dən 17-dək İranda olduğunu açıqlayıb: “İrandan Pakistana ordan isə Əfqanıstana gedib, Talibanlarla birgə kafirlərə qarşı mübarizə aparmaq istəyirdim. Sərhədi keçə bilmədiyimə görə geri qayıtdım. Ailə qurandan sonra isə bu yolun səhv olduğunu anladım”.
Bu zaman Kamran Əsədov onun çıxışına müdaxilə edərək deyib ki, hərbi xidmətə silah götürüb, cihad etmək, kafirləri cəzalandırmaq üçün gedib.
Şirvani Babayev isə ifadəsində ona qarşı irəli sürülən ittihamla və silahlı cihadla razılaşmadığını deyib: “Valideynlərim ibadət etmədiklərinə görə, din qardaşlarım mənə evdən çıxmağımı təklif etdilər. Mənsə buna imkanımın olmadığını dedim. Amma 2007-ci ilin əvvəllərindən bu şəxslərlə əlaqəm olmayıb. O zamandan münasibətlərimiz soyuq olub”. Təqsirləndirilən şəxs səhhətinin pis olduğunu da qeyd edib.
Proses sabah davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehbalıyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yalçın Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Mehrəliyev, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR