Bank Of Baku

Təqsirləndirilən şəxsin kitabçasında müğənni Tunara 2 ədəd “Ekstazi” həbi verilməsi barədə qeyd var

Təqsirləndirilən şəxsin kitabçasında müğənni Tunara 2 ədəd “Ekstazi” həbi verilməsi barədə qeyd var
# 25 dekabr 2008 10:40 (UTC +04:00)
Bakı. Hafiz Heydərov -APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamov və Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladları Mahir Mirsalamov, Yalçın Həsənov, sabiq polis kapitanı Vüqar Əliyev və daha 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə ifadə verməsi nəzərdə tutulan iki nəfər şahid prosesə gəlməyib. Prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsləri sorğu-sual edərək Y. Həsənova istintaq zamanı əməliyyatçılar tərəfindən götürülmüş ona məxsus kitabçada müğənni Tunara “Ekstazi” həbinin satması və ondan alması barədə qeydlərə aydınlıq gətirib. Adıçəkilən kitabçada Y. Həsənov müğənni Tunara 2 ədəd “Ekstazi” həbi verməsi və daha sonra ondan belə bir həb alması barədə qeyd aparıb. Lakin prokurorun sualını cavablandıran Y. Həsənov kitabçasında Tunarla bağlı heç bir qeyd aparmadığını bildirib. Daha sonra hakim təqsirləndirilən şəxslərin bir qisminin M. Mirsalamovun bağ evində, həmin şəxslərin özləri tərəfindən “Ekstazi” həbi qəbul edərkən lentə aldıqları video görüntülər barədə onları sorğu-sual edib. Video görüntülərə münasibət bildirən təqsirləndirilən şəxslər həmin lent yazısında “Ekstazi” barədə film çəkmək niyyətində olduqlarını və orada kefli olmalarının səbəblərini isə “Tekila” içkisi qəbul etmələri ilə bağlı olduğunu söyləyiblər.
Sonra prosesdə təqsirləndirilən şəxs O. Nadirovun vəkili Seyfəddin Əliyev vəsatət qaldıraraq məhkəmədən müdafiə etdiyi şəxsin barəsində cinayət tərkibinin olmadığını nəzərə almasını və onu məhkəmə zalından azad edilməsi barədə qərar qəbul etməsini xahiş edib. Hakim isə vəsatətin müzakirə olunaraq bu barədə qərar veriləcəyini söyləyib.
Proses dekabrın 30-da davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər ittiham aktına əsasən Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurlar. Onlar bu ilin mayında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR