Bank Of Baku

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən 231 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən 231 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
# 29 dekabr 2008 13:22 (UTC +04:00)
MTN-nin İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, İran İslam Respublikasının vətəndaşı Mikayıl Aslani, Azərbaycan Respublikasının vətəndaşları - Etibar Mehrəliyev, Etibar Əliyev, Zamin Səmədov, Natiq Balayev, Tərlan Muradov, Rza Əhmədov və qeyriləri mütəşəkkil dəstə tərkibində külli miqdarda narkotik vasitəni Xəzər dənizinin Azərbaycana aid akvatoriyası istiqamətindən qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək satış məqsədilə İrandan Azərbaycana gətiriblər. Müəyyən edilib ki, əvvəlcədən əldə olunmuş razılığa əsasən, Neftçala rayon sakini Etibar Mehrəliyev hazırda şəxsiyyətləri istintaqla araşdırılan digər İran vətəndaşlarının Xəzər dənizindən qaçaqmalçılıq yolu ilə gətirdikləri 231 kiloqrama yaxın narkotik vasitə olan həşişi bu dekabrın 23-də “Qızılağac” Dövlət Qoruğu ərazisində yerləşən “Kurkamen” adasında onlardan qəbul edib və həmin narkotiki öz qayığı ilə daşıyaraq Neftçala rayonunun ərazisində dəniz sahilində gizlədib.
Dekabrın 24-də həmin narkotik vasitəni Etibar Mehrəliyevdən götürüb Astara rayon sakini Etibar Əliyevə təhvil vermək məqsədilə İran İslam Respublikasının vətəndaşı Mikayıl Aslani dövlət sərhədinin “Astara” NBM-dən rəsmi qaydada keçərək Azərbaycana gəlib. Mikayıl Aslani Etibar Əliyevin tapşırığı ilə onu burada gözləyən Zamin Səmədov tərəfindən qarşılanıb və sonuncu ilə birlikdə Astara rayonuna, Etibar Əliyevin yaşadığı evə gəliblər.
Bundan sonra, narkotik vasitəni Etibar Mehrəliyevdən təhvil almaq məqsədilə Mikayıl Aslani və Zamin Səmədov sonuncunun idarə etdiyi “Opel” markalı avtomobillə, Etibar Əliyev, Tərlan Muradov və Natiq Balayev isə Rza Əhmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Neftçala rayonuna gəliblər. Həmin gün adları çəkilən şəxslər Neftçala rayonu ərazisində Etibar Mehrəliyevdən narkotikin bir hissəsini, yəni 180 kiloqramdan artıq həşişi ondan təhvil alıblar.
MTN tərəfindən hazırlanan xüsusi əməliyyat planı əsasında bu il dekabrın 25-də həyata keçirilən səriştəli tədbirlərlə qeyd olunan hər iki avtomobil Lənkəran şəhərində saxlanılıb, onların yük yerindən 180 kiloqramdan artıq narkotik vasitə olan həşiş aşkarlanıb. Davam etdirilən əməliyyat tədbirləri ilə Etibar Mehrəliyev də yaxalanıb və sonuncunun qardaşının evində gizlətdiyi daha 50 kiloqramdan çox narkotik vasitə olan həşiş aşkar edilərək götürülüb.
Faktla bağlı MTN-nin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 206.4-cü (mütəşəkkil dəstə tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanılıb. Adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR