Bank Of Baku

Hüquq müdafiəçiləri bir-birlərini ittiham edib

Hüquq müdafiəçiləri bir-birlərini ittiham edib
# 29 dekabr 2008 16:10 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Bir şeyi anlaya bilmirəm ki, Çingiz Qənizadə insan hüquq müdafiəçisidir, yoxsa dövlət qurumlarının müdafiəçisi?”. Bu barədə APA-ya İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bildirib. E. Behbudov deyib ki, Demokratiya və İnsan Haqları Komitəsinin sədri Çingiz Qənizadənin sədri olduğu komitənin işgəncələrlə bağlı hazırladığı illik hesabata kölgə salmaq cəhdi onu təəccübləndirib: “Ümumiyyətlə, təmsil etdiyim komitə tərəfindən hazırlanan hesabat bizə edilən müraciətlər əsasında hazırlanır. Bu faktlar nə göydən, nə havadan, nə də mətbuatdan götürmürəm. Beynəlxalq təcrübəyə görə, hesabatda əks olunanlar aidiyyatı dövlətlər tərəfindən araşdırılmalıdır. Təəssüf ki, müraciətlərimə bir cümlə ilə cavab verilir və bildirilir ki, “işgəncə faktı təsdiqlənməyib”.
Komitə sədrinin sözlərinə görə, Ç. Qənizadənin mətbuatda hesabatın əleyhinə dediyi fikirlər onun tərəfindən birmənalı qarşılanmayıb: “Əgər lazım gəlsəydi, işgəncədən zərərçəkənlər mənə yox, Çingiz Qənizadəyə müraciət edərdilər. Onun bu mövqeyi mənim üçün qaranlıq qaldı”.
Demokratiya və İnsan Haqları Komitəsinin sədri Çingiz Qənizadə isə APA-ya bildirib ki, bu məsələ ilə bağlı mətbuatda, televiziyada debata çıxmağa hazırdır: “Hüquq müdafiəçisi olmaq o demək deyil ki, tənqidi məqamlar axtarmalısan və məsələləri şişirdilmiş formada ortaya çıxararaq, özün üçün imic qazanasan. Belə hesab edirəm ki, hüquq müdafiəçisi baş verən hadisəni görüb, qarşısını almağa nail olmalıdır. Həftənin beş günü mənim ofisimə onlarla şikayətçi daxil olur. Bu gün Azərbaycanda mənim qədər hüquq mühafizə orqanlarının və ədliyyə orqanları ilə əlaqə saxlayan hüquq müdafiəçisi yoxdur”. Ç. Qənizadə deyib ki, belə açıqlamalar hüquq müdafiəçilərinin hüquq-mühafizə orqanları ilə insan hüquqlarını qorunması sahəsində əməkdaşlığına xələl gətirir: “Elçin Behbudovun illik hesabatı həqiqətə uyğun deyil. O, fərdi fikirlərini səsləndirməyə üstünlük verib. Əgər Elçin Behbudov mənimlə debata çıxmaq istəyirsə, onunla söhbətə hazıram”.
Ç. Qənizadə E. Behbudovu təmənnalı fəaliyyət göstərməkdə də ittiham edib:
“Faktlar var ki, Elçin Behbudov maddi imkanları yüksək olan ailələrin xahişi ilə istintaq təcridxanalarına gedir və onların yaxınları ilə görüşür. Amma insanlar var ki, azadlıqda olmağa həm hüquqi, həm mənəvi haqları var, amma onların müdafiəsində Elçin Behbudovu yanımızda görə bilmirik”.
O deyib ki, digər hüquq müdafiəçiləri də E. Behbudovun rəqəmləri şişirdiyi qənaətindədir.
Qeyd edək ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin 2008-ci ilin yekunlarına dair hesabatında bu il ərzində Azərbaycan hüquq-mühafizə orqanları sistemində 3 nəfər işgəncə faktı ilə dünyasını dəyişdiyi, 80-dən çox şəxs isə müxtəlif işgəncələrə məruz qaldığı bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR