Bank Of Baku

“İlk mənbədən informasiya alınması sahəsində vəziyyət: problemlər və həll yolları” mövzusunda dəyirmi masa keçirilib

“İlk mənbədən informasiya alınması sahəsində vəziyyət: problemlər və həll yolları” mövzusunda dəyirmi masa keçirilib
# 14 dekabr 2006 13:59 (UTC +04:00)
Bu gün Zərdabi Mətbuat Mərkəzinin (ZMM) təşkilatçılığı ilə “İlk mənbədən informasiya alınması sahəsində vəziyyət: problemlər və həll yolları” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə bir sıra ekspertlərlə yanaşı, bəzi dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri də iştirak edib. ZMM-in rəhbəri İbrahim Məmmədli bildirib ki, onlar ölkədə ilk mənbədən informasiya almaq sahəsində vəziyyəti və tendensiyaları müəyyənləşdirmək üçün 2 illik iş planı qəbul ediblər. Arxada qalmış 4 ayın yekunları barədə də məlumat verən İ. Məmmədli 100 nəfər müxtəlif peşə sahibi və 100 aparıcı jurnalist, media eksperti arasında sorğu keçirildiyini və mətbuata vaxtında məlumat çatdıran dövlət qurumlarının siyahısının müəyyənləşdirildiyini deyib. Respondentlərin 56,3 faizi məlumatın ilk mənbədən əldə edilməsində problem olmadığını, 19,7 faizi isə problem olduğunu deyib. Rəyi soruşulanların 17,4 faizi cavab verməkdə çətin çəkib. Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev “KİV və prokurorluq orqanlarının əlaqələri təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib. Onun sözlərinə görə, Baş Prokurorluq mətbuatla əlaqələrin qurulması məqsədilə bu vaxta qədər ber neçə tədbir həyata keçirib və kitablar nəşr edib. O, prokurorluq orqanlarının bəzi məlumatları açıqlamamasının səbəblərinə də aydınlıq gətirib: “Elə məsələlər var ki, bu barədə məlumatlar yalnız istintaq başa çatdıqdan sonra açıqlana bilər. Ona görə də prokurorluq orqanları belə məlumatların məxfiliyini saxlamalıdırlar”. Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz “İnformasiya azadlığının gerçəkləşməsində informasiya texnologiyalarının rolu” mövzusunda məruzə edib və bəzi dövlət qurumlarının saytlarının hələ də bərbad vəziyyətdə olduğunu vurğulayıb. Hüquqşünas Ələsgər Məmmədli isə “Müasir şəraitdə mətbuat xidmətlərinin rolu” mövzusunda çıxış edib. Məruzələrdən sonra toplantı iştirakçıları mövzu ətrafında müzakirələr aparıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR