Bank Of Baku

Rəqəmsal inkişaf dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilir: Yeni mərhələnin hədəfləri nədir? - TƏHLİL

Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası

© APA | Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası

# 01 iyul 2026 17:15 (UTC +04:00)

Rəqəmsal texnologiyalar və süni intellekt XXI əsrdə dövlətlərin iqtisadi inkişafını, idarəetmə modelini və beynəlxalq rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdən birinə çevrilib. Bu reallıq fonunda Azərbaycan da rəqəmsal transformasiyanı təkcə texnoloji yenilənmə prosesi kimi deyil, uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyasının əsas sütunlarından biri kimi formalaşdırır. Burada söhbət yalnız dövlət xidmətlərinin elektronlaşdırılmasından deyil, iqtisadiyyatın innovasiya əsaslı inkişafının təmin edilməsindən, idarəetmənin çevikliyinin artırılmasından, investisiya mühitinin daha cəlbedici hala gətirilməsindən və insan kapitalının müasir çağırışlara uyğun inkişaf etdirilməsindən gedir.

Bu strateji yanaşmanın hüquqi və institusional əsasını Prezident İlham Əliyevin bu ilin fevral ayında təsdiq etdiyi "2026-2028-ci illər üçün Rəqəmsal İnkişafın Sürətləndirilməsinə dair Fəaliyyət Planı" təşkil edir. Sənəd rəqəmsal transformasiyanın növbəti mərhələsi üzrə dövlətin prioritetlərini müəyyənləşdirir və rəqəmsal iqtisadiyyatın inkişafı, dövlət informasiya sistemlərinin inteqrasiyası, süni intellekt texnologiyalarının tətbiqi, məlumat mübadiləsinin təkmilləşdirilməsi və innovasiya mühitinin genişləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirləri vahid çərçivədə birləşdirir.

Belə genişmiqyaslı islahatların vahid mərkəzdən idarə olunması, müxtəlif dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi və qəbul edilən qərarların icrasına nəzarətin gücləndirilməsi məqsədilə Prezident İlham Əliyevin fərmanı ilə Rəqəmsal İnkişaf Şurası yaradılıb. Rəqəmsal İnkişaf Şurasının yaradılması, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Şuranın sədri təyin edilməsi rəqəmsal transformasiya siyasətinin dövlət rəhbərliyi səviyyəsində koordinasiya olunacağını, dövlətin bu məsələyə nə qədər önəm verdiyini göstərir.

Şuranın iyunun 29-da keçirilən ilk iclası bu yeni idarəetmə mexanizminin praktiki fəaliyyətə başlamasını rəsmiləşdirdi. İclas zamanı səsləndirilən yanaşmalar göstərdi ki, Azərbaycan rəqəmsallaşmanı artıq ayrı-ayrı informasiya texnologiyaları layihələrinin həyata keçirilməsi kimi deyil, iqtisadi inkişafı, dövlət idarəçiliyini, milli təhlükəsizliyi, innovasiya siyasətini və insan kapitalının inkişafını əhatə edən kompleks dövlət strategiyasının tərkib hissəsi kimi görür. Bu baxımdan, Rəqəmsal İnkişaf Şurasının yaradılması rəqəmsal transformasiya sahəsində qəbul olunan qərarların vahid koordinasiya mexanizmi əsasında icrasına yönəlmiş yeni institusional mərhələnin başlanğıcı hesab oluna bilər.

Rəqəmsallaşma dövlət idarəçiliyinin yeni modelinə çevrilir

Dövlət maliyyəsində yeni mərhələ: rəqəmsal idarəetməyə keçid

Azərbaycan son illərdə elektron hökumət xidmətlərinin genişləndirilməsi, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, elektron sənəd dövriyyəsinin tətbiqi və "mygov" platformasının inkişafı istiqamətində mühüm nəticələr əldə edib. Lakin Şuranın ilk iclasında təqdim olunan baxış göstərdi ki, qarşıdakı mərhələnin əsas məqsədi mövcud xidmətlərin sayını artırmaq deyil, dövlət idarəçiliyinin mahiyyətini dəyişən yeni idarəetmə modelini formalaşdırmaqdır.

Bu modelin əsasını məlumat əsaslı (data-driven) idarəetmə təşkil edir. Müxtəlif dövlət qurumlarının informasiya sistemlərinin inteqrasiyası, vahid məlumat mühitinin yaradılması, qərarların real vaxt rejimində əldə olunan məlumatlar əsasında qəbul edilməsi və dövlət-vətəndaş münasibətlərində rəqəmsal həllərin geniş tətbiqi yeni yanaşmanın əsas elementləri kimi müəyyənləşdirilir. Rəqəmsallaşma artıq ayrıca informasiya texnologiyaları layihəsi deyil, dövlət idarəçiliyinin səmərəliliyini artıran və qərar qəbuletmə prosesini daha çevik edən sistemli idarəetmə alətinə çevrilir.

Birinci vitse-prezident Mehriban Əliyeva da iclasdakı çıxışında Şuranın əsas missiyasını bu yanaşma ilə izah edib: "Şuranın əsas vəzifəsi müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirməkdən, vahid yanaşma formalaşdırmaqdan və qəbul edilən qərarların vaxtında və səmərəli həyata keçirilməsinin icra olunmasını təmin etməkdən ibarətdir".

Bu yanaşma göstərir ki, Rəqəmsal İnkişaf Şurasının funksiyası təkcə dövlət qurumları arasında koordinasiyanı təmin etməklə məhdudlaşmır. Şura rəqəmsal transformasiya sahəsində dövlət siyasətinin vahid mərkəzdən idarə olunmasını təmin edən, strateji qərarların icrasına nəzarət edən və müxtəlif qurumların fəaliyyətini ümumi məqsədlər ətrafında əlaqələndirən əsas institusional platforma rolunu oynayacaq.

Rəqəmsallaşmanı iqtisadi inkişafın hərəkətverici qüvvəsi kimi

Rəqəmsal İnkişaf Şurasının ilk iclasında ön plana çıxan əsas məqamlardan biri rəqəmsal transformasiyanın iqtisadi inkişaf strategiyası ilə birbaşa əlaqələndirilməsi oldu. Əgər əvvəlki mərhələlərdə rəqəmsallaşma daha çox dövlət xidmətlərinin elektronlaşdırılması kontekstində qiymətləndirilirdisə, hazırda bu proses iqtisadiyyatın modernləşdirilməsi, innovasiya əsaslı inkişaf modelinin formalaşdırılması və ölkənin investisiya cəlbediciliyinin artırılması baxımından strateji alət kimi təqdim olunur.

Bu yanaşma rəqəmsal texnologiyaların yalnız idarəetmənin səmərəliliyini artırmaqla məhdudlaşmadığını, eyni zamanda yeni iqtisadi dəyərin yaradılmasına, yüksək texnologiyalar sektorunun inkişafına, sahibkarlığın təşviqinə və beynəlxalq investorlar üçün daha əlverişli biznes mühitinin formalaşdırılmasına xidmət etdiyini göstərir.

Mehriban Əliyeva çıxışında bu məqsədləri açıq şəkildə ifadə edib: "Bizim məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda, ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması, yerli startaplara dəstək göstərilməsi və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır".

Dövlət texnologiyanı özlüyündə məqsəd deyil, iqtisadi artımın sürətləndirilməsi və rəqabət qabiliyyətinin artırılması üçün strateji vasitə kimi görür. Təsadüfi deyil ki, Fəaliyyət Planında innovasiya ekosisteminin inkişafı, texnoloji şirkətlərin dəstəklənməsi və Azərbaycan Dayanıqlılıq Klasterinin yaradılması kimi təşəbbüslər də məhz bu məqsədə xidmət edir.

Süni intellekt artıq gələcəyin deyil, bu günün gündəliyidir

Süni intellekt gəncləri “bədbəxt edir”

Şuranın ilk iclasında xüsusi diqqət ayrılan istiqamətlərdən biri də süni intellekt texnologiyalarının tətbiqi oldu. Son illərdə dünyada AI həllərinin dövlət idarəçiliyinə, iqtisadiyyata və təhlükəsizlik sistemlərinə inteqrasiyası sürətlənib. Bu tendensiya fonunda Azərbaycan da süni intellektin inkişafını rəqəmsal transformasiya siyasətinin əsas komponentlərindən biri kimi müəyyənləşdirir.

Mehriban Əliyeva çıxışında bu sahənin strateji əhəmiyyətini belə qiymətləndirib: "Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir. Eyni zamanda, süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artmaqdadır və artıq mərkəzi yer tutur. Sirr deyil ki, dünyanın aparıcı dövlətlərində süni intellektin inkişafı gözlənilən proqnozlardan daha sürətli gedir və bu, öz növbəsində həm yeni imkanlar, eyni zamanda, yeni təhlükələr yaradır".

Bu yanaşma göstərir ki, süni intellekt Azərbaycanda artıq yalnız texnoloji yenilik kimi deyil, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, xidmətlərin keyfiyyətinin yüksəldilməsi, iqtisadi məhsuldarlığın artırılması və milli təhlükəsizliyin gücləndirilməsi baxımından strateji resurs kimi qiymətləndirilir.

İclasda təqdim olunan məlumatlar da bu istiqamətdə praktik addımların artıq başladığını göstərir. Bildirilib ki, artıq "mygov" platformasında süni intellekt həlləri tətbiq olunur, virtual vətəndaş köməkçisi istifadəyə verilib və gələcək mərhələdə bu texnologiyaların digər dövlət qurumlarında da geniş tətbiqi nəzərdə tutulur.

Rəqəmsal transformasiya kibertəhlükəsizliyi strateji prioritetə çevirir

Rəqəmsal dövlət modelinin genişlənməsi informasiya təhlükəsizliyi məsələsini də dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirir. Dövlət xidmətlərinin, məlumat bazalarının və kritik informasiya infrastrukturunun rəqəmsallaşması kibertəhlükəsizlik sahəsində yeni yanaşmaların formalaşdırılmasını zəruri edir.

Bu baxımdan, Şuranın ilk iclasında Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzi, Milli Kiber İnsidentlərə Qarşı Mübarizə Mərkəzi və Rəqəmsal Təhqiqat Mərkəzinin yaradılması istiqamətində görülən işlər barədə məlumat verilməsi diqqət çəkən məqamlardan biri oldu.

Mehriban Əliyeva çıxışında bu məsələyə toxunaraq bildirib: "Biz yeni çağırışlara, xüsusilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində olan və yaranan risklərə hazır olmalıyıq".

Bu yanaşma beynəlxalq təcrübə ilə də üst-üstə düşür. Rəqəmsal transformasiya dərinləşdikcə dövlət informasiya sistemlərinin, kritik infrastrukturun və məlumat bazalarının etibarlı qorunması milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilir. Bu baxımdan, kibertəhlükəsizliyin gücləndirilməsi rəqəmsal inkişaf siyasətinin tamamlayıcı elementi kimi çıxış edir.

Güclü məlumat infrastrukturu rəqəmsal transformasiyanın əsasını təşkil edir

Rəqəmsal transformasiya: Strategiya və Fəaliyyət Planı

Rəqəmsal transformasiyanın uğuru təkcə yeni texnologiyaların tətbiqindən deyil, bu texnologiyaların üzərində fəaliyyət göstərəcəyi etibarlı məlumat infrastrukturunun formalaşdırılmasından asılıdır. Məhz buna görə də Rəqəmsal İnkişaf Şurasının ilk iclasında dövlət informasiya sistemlərinin inkişafı və məlumat mübadiləsinin təkmilləşdirilməsi əsas prioritet istiqamətlərdən biri kimi təqdim olundu.

İclasda təqdim olunan məlumatlara görə, qarşıdakı dövrdə Milli Məlumat Hövzəsinin yaradılması, hökumət buludunun imkanlarının genişləndirilməsi və yeni data mərkəzinin tikintisi istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulur. Bu layihələr müxtəlif dövlət qurumları arasında məlumat mübadiləsini sürətləndirməyə, təkrarlanan informasiya toplanmasını aradan qaldırmağa və vətəndaşlara göstərilən xidmətlərin daha operativ və səmərəli təşkilinə imkan verəcək.

Beynəlxalq təcrübə də göstərir ki, rəqəmsal dövlət modelinin uğuru ilk növbədə vahid və təhlükəsiz məlumat infrastrukturunun qurulmasından asılıdır. Məhz bu infrastruktur dövlət idarəçiliyində məlumat əsaslı qərarların qəbulunu, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsini və rəqəmsal xidmətlərin keyfiyyətinin yüksəldilməsini təmin edən əsas platforma rolunu oynayır.

Hüquqi baza rəqəmsal iqtisadiyyatın inkişafı üçün yeni çərçivə formalaşdırmalıdır

Rəqəmsal transformasiya yalnız texnoloji yeniliklərlə məhdudlaşmır. Bu prosesin davamlılığı müasir hüquqi tənzimləmə mexanizmlərinin yaradılmasını da zəruri edir. Məhz bu baxımdan Şuranın iclasında qanunvericilik bazasının yenilənməsi əsas istiqamətlərdən biri kimi təqdim olundu.

Bu yanaşma göstərir ki, hökumət rəqəmsal iqtisadiyyatın inkişafını yalnız yeni texnologiyaların tətbiqi ilə deyil, həmin texnologiyaların fəaliyyət göstərəcəyi hüquqi mühitin müasirləşdirilməsi ilə paralel şəkildə həyata keçirməyi planlaşdırır. Çünki rəqəmsal iqtisadiyyatın dayanıqlı inkişafı investorların hüquqi təminatına, məlumatların qorunmasına və innovasiya fəaliyyətinin effektiv tənzimlənməsinə birbaşa bağlıdır.

İnsan kapitalı rəqəmsal transformasiyanın əsas resursudur

STEAM Azerbaijan

İclasda diqqət çəkən istiqamətlərdən biri də insan kapitalının inkişafı ilə bağlı məsələlər oldu. Bu, rəqəmsal transformasiyanın uğurunun yalnız texnologiyalardan deyil, həmin texnologiyaları hazırlayan və tətbiq edən peşəkar kadr potensialından asılı olması ilə izah edilir.

Bu məqsədlə məktəblərin internet infrastrukturunun genişləndirilməsi, "Rəqəmsal məktəb" layihəsinin həyata keçirilməsi, təhsil sənədlərinin elektronlaşdırılması və tədris prosesinin mərhələli şəkildə rəqəmsallaşdırılması istiqamətində işlər davam etdirilir. Bununla yanaşı, "Rəqəmsal bacarıqlar" "STEAM Azərbaycan" layihələri vasitəsilə gələcək əmək bazarının tələblərinə uyğun yeni nəsil mütəxəssislərin hazırlanması hədəflənir.

Bu onu göstərir ki, dövlət rəqəmsal transformasiyanı yalnız texnoloji infrastrukturun qurulması kimi deyil, uzunmüddətli insan kapitalının inkişafına əsaslanan kompleks islahat prosesi hesab edir. Çünki rəqəmsal iqtisadiyyatın dayanıqlılığı müasir bilik və bacarıqlara malik insan resurslarının formalaşdırılmasından birbaşa asılıdır.

Yeni mərhələnin əsas hədəfi vahid və koordinasiyalı rəqəmsal inkişaf modelidir

Baş verənlər göstərir ki, qarşıdakı illərdə rəqəmsal transformasiya ayrı-ayrı layihələrin icrası çərçivəsində deyil, vahid dövlət siyasəti əsasında həyata keçiriləcək. Bu model müxtəlif dövlət qurumlarının fəaliyyətinin koordinasiyasını, vahid standartların tətbiqini və qəbul olunan qərarların icrasına sistemli nəzarəti nəzərdə tutur.

Mehriban Əliyeva çıxışında bu strateji məqsədi belə ifadə edib: "Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir. Biz xarici, beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik. Lakin bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına cavab verən amillərə əsasən qəbul olunmalıdır".

Dövlət başçısının "2026-2028-ci illər üçün Rəqəmsal İnkişafın Sürətləndirilməsinə dair Fəaliyyət Planı"nı təsdiqləməsi, Rəqəmsal İnkişaf Şurasının yaradılması, eləcə də Şuranın ilk iclasında səslənən fikirlərdən və aparılan müzakirələrdən belə nəticəyə gəlmək olar ki, Azərbaycan rəqəmsal transformasiyanı təkcə texnoloji modernləşmə proqramı kimi deyil, dövlət idarəçiliyinin səmərəliliyini artıran, iqtisadiyyatın rəqabət qabiliyyətini gücləndirən, innovasiya ekosistemini inkişaf etdirən və milli təhlükəsizlik maraqlarını nəzərə alan kompleks inkişaf strategiyası kimi formalaşdırır. Bu baxımdan, müəyyənləşdirilən prioritetlər ölkənin rəqəmsal gələcəyini formalaşdıracaq uzunmüddətli dövlət siyasətinin əsas konturlarını müəyyən edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR