Bank Of Baku

Hacı Məmmədovun işi üzrə prosesdə iştirak edən vəkillər məhkəmə istintaqına münasibət bildiriblər

Hacı Məmmədovun işi üzrə prosesdə iştirak edən vəkillər məhkəmə istintaqına münasibət bildiriblər
# 19 dekabr 2006 14:36 (UTC +04:00)
“Bu məhkəmədə Zakir Nəsirovla mən yeganə adam idik ki, bütün məsələlərin üstünün açılmasına çalışırdıq”. Bu açıqlamanı APA-ya DİN Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirovun vəkili Adil İsmayılov verib. A. İsmayılov məhkəmə prosesinin Azərbaycan reallığı üçün pis keçmədiyini, ancaq məhkəmənin öz üzərinə düşən vəzifələri yerinə yetirmədiyini bildirib: “Məhkəmədə tərəflərin bərabərliyi, müdafiə tərəfinin vəsatətləri təmin olunmadı. Ona görə də, məhkəmə məni qane edə bilməz. Məhkəmənin qərarını gözləmək lazımdır, əgər qərar bizi qane etməsə, yuxarı instansiyalara kimi gedəcəyik”. Hacı Məmmədovun dəstəsi tərəfindən oğurlanan İlham Qədimzadənin nümayəndəsi Aslan İsmayılov məhkəmənin gedişini şərh edərkən bildirib ki, bu, cinayət işi məhkəmədə hərtərəfli araşdırılmayıb. “Hesab edirəm ki, bu iş üzrə bir çox epizodlar, bir sıra vəzifəli şəxslər barəsində heç bir istintaq hərəkəti aparılmayıb. Hüquqlarını müdafiə etdiyim şəxsin epizodu ilə bağlı heç bir iradım yoxdur. Ümumilikdə bir vətəndaş kimi mövqeyimi bildirirəm ki, çıxarılacaq hökm cəmiyyəti qane edən istintaq və məhkəmə hökmü olmayacaq. Əgər doğrudan da, cəmiyyət üçün təhlükəli qruplaşmalardan canımızı birdəfəlik qurtarmaq istəyiriksə, onda bu işin istintaqı tam aparılmalı idi”. Aslan İsmayılov məhkəmənin gedişinin əvvəlcədən ona məlum olduğu üçün məhkəmədə iştirak etmədiyini vurğulayıb: “Bu işin ibtidai istintaqı yarımçıq şəkildə aparılaraq məhkəməyə göndərildi. Azərbaycan məhkəmələrindən istintaqın müəyyən etdiyi faktlardan artıq faktlar müəyyən etməsini gözləmək inandırıcı deyildi. Ona görə də, vaxtımı boşa verib qurulmuş teatrda dekorasiya rolunu oynamaq istəmədim”. Rəna Nəsibovanın qətli epizodu üzrə təqsirləndirilən Novruz Nuriyevin vəkili Ağazahid Qulamov məhkəmənin demokratik ruhda keçirildiyini, ancaq dövlət ittihamçılarının Novruz Nuriyevə 12 il cəza istəməsinin ədalətsiz olduğunu deyib: “Düşünürəm ki, bu qərar dövlət ittihamçılarının fikri deyil, bu, yuxarıdan verilən göstərişdir. Məhkəmədən ədalətli hökm gözləmirəm. Novruza Rəna Nəsibovanın ölümü ilə bağlı heç bir sübut olmadan ittiham verilib. Ancaq 2004-cü il iyulun 17-də ekspertiza Rəna Nəsibovanın narkotik maddənin qəbulundan öldüyü barədə rəy verib. Novruza fiziki zor tətbiq edərək qətli onun boynuna qoyublar. Novruza verilən ittihamları təsdiq edən sübut olmadığından, bütün yuxarı məhkəmə instansiyalarına müraciət edəcəyik. Ümid edirəm ki, Novruzun günahsız olduğunu sübut edəcəyəm”. Təqsirləndirilən Mehman Həsənovun vəkili Səməd Pənahov isə APA-ya açıqlamasında məhkəmə istintaqının qənaətbəxş olmadığını bildirib: “İstintaq demək olar ki, aparılmayıb. Mehmana verilən ittihamlarla bağlı 20 nəfər şahid dindirilməli olduğu halda, cəmi iki nəfərin ifadəsi dinlənildi, maddi sübutlar araşdırılmadı, araşdırılan sübutlar isə obyektiv araşdırılmadı. Məhkəmə ittiham tərəfinin sübutlarını dərindən araşdırsa da, müdafiə tərəfinin sübutlarını araşdırılmaq istəmədi. Müdafiə tərəfinin bir-iki xırda əhəmiyyətli vəsatətlərini təmin edildi ki, bu da formal olaraq obyektiv məhkəmə mənzərəsi yaratmaq məqsədi daşıyırdı. Bu məhkəmə prosesi ağır cinayətlər törədənlərlə və heç bir günahı olmayan şəxslərin məhkəməsi idi. Hüquqlarını müdafiə etdiyim Mehman Həsənovun heç bir günahı yoxdur, ona görə də, son məhkəmə instansiyasına qədər mübarizəni davam etdirəcəyik”. Məhkəmənin ədalətli qərar çıxaracağına inanmayan vəkilin fikrincə, hakim dövlət ittihamçılarının istədiyi cəzanı təyin edəcək: “Düşünürəm ki, dövlət ittihamçılarının verdiyi “cəza layihəsi”nin sanki möhürü çatışmır, buna məhkəmə tərəfindən möhür vurulacaq”. Hacı Məmmədovun vəkili Səməd Əliyev məhkəmə hökmündən əvvəl hər hansı açıqlama verməyi lüzumsuz hesab edib: “Dövlət ittihamçıları Hacı Məmmədova ömürlük cəza istəsə də, son sözü məhkəmə deyəcək”. Sidek Abulvahabovun vəkili Cahangir Nəsirov məhkəmənin obyektiv keçdiyini bildirib, Husain Abulvahabovun vəkili Ulduzə Əhmədova da dövlət ittihamçılarının hüquqlarını müdafiə etdiyi şəxsə ömürlük cəza istəməsini ədalətsizlik kimi qiymətləndirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR