Bank Of Baku

Qanunvericiliyə məhkumların saxlanma rejiminin müəssisənin rəisi tərəfindən müəyyənləşdirilməsi barədə dəyişiklik edilməsi gözlənilir

Qanunvericiliyə məhkumların saxlanma rejiminin müəssisənin rəisi tərəfindən müəyyənləşdirilməsi barədə dəyişiklik edilməsi gözlənilir
# 19 dekabr 2006 15:14 (UTC +04:00)
“Yaxın gələcəkdə cəzaçəkmə müəssisələri rəislərinin səlahiyyətləri artırıla bilər. Belə ki, qanunvericiliyə məhkumların saxlanma rejiminin müəssisənin rəisi tərəfindən müəyyənləşdirilməsi barədə dəyişiklik edilməsi gözlənilir”. Bu sözləri APA-ya açıqlamasında ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov deyib. N. Ələkbərov bildirib ki, əksər Avropa ölkələrində məhkumların rejimi cəzaçəkmə müəssisəsinin rəhbərləri tərəfindən müəyyənləşdirilir: “Avropa ölkələrində məhkəmələr yalnız cəzanı təyin edir, məhkumun cəza çəkəcəyi müəssisənin rejimini isə müəssisənin rəisi müəyyənləşdirir. Belə ki, məhkum müəssisəyə gələn gün onun xarakteri, islah olunmaya meylli olub-olmadığı öyrənilir. Müəssisədə fəaliyyət göstərən sosial komissiyanın üzvlərinin rəyi nəzərə alınmaqla onun saxlanılacağı rejim müəyyənləşdirilir. Məhkumun cəza müddətində onun rejimi bir neçə dəfə dəyişdirilə bilər”. N. Ələkbərovun sözlərinə görə, Azərbaycanın qanunvericiliyi bu səlahiyyəti məhkəmələrin üzərinə qoyub. Məhkəmə tərəfindən hökm çıxarılarkən şəxsə cəza təyin olunmaqla yanaşı, onun cəzasını çəkəcəyi rejim də müəyyənləşdirilir. Həmçinin məhkum cəzasını çəkdiyi dövrdə onun rejiminin dəyişdirilməsi də məhkəmənin müvafiq qərarı ilə mümkün olur. N. Ələkbərov bildirib ki, bu sahədə qanunvericiliyə dəyişiklik olunması ilə bağlı Avropa Şurasının ekspertləri tərəfindən təkliflər verilib. Avropalı ekspertlər hesab edirlər ki, rejimin məhkəmələr tərəfindən müəyyənləşdirilməsi bürokratik əngəllər yaradır, süründürməçiliyə səbəb olur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR