Azərbaycan jurnalistlərinin IV Qurultayı başlayıb

Azərbaycan jurnalistlərinin IV Qurultayı başlayıb
# 23 dekabr 2006 09:05 (UTC +04:00)
MŞ sədri bildirib ki, hesabat dövründə şura iki jurnalistin Şahin Ağabəyli və Samir Adıgözəllinin həbsdən buraxılması istiqamətində tədbirlər görüb, əlaqədar şəxs və orqanlara müraciət edib, sonda bu iki jurnalist azadlığa buraxılıb. Ə. Amaşov hazırda həbsdə olan “Azadlıq” qəzetinin əməkdaşı Sakit Zahidovla bağlı hökumətə müraciət göndərilməsini təklif edib. MŞ sədri dəfələrlə xəbərdarlıq edilməsinə, xüsusi geyim formasından istifadə olunmasına baxmayaraq, kütləvi aksiyalarda jurnalistlərin hələ də döyüldüyünü, təzyiqlərlə üzləşdiyini bildirib. “Monitor” jurnalının baş redaktorun Elmar Hüseynovun qətlinin indiyədək açılmamasından təəssüflənən qurum sədri hüquq-mühafizə orqanlarının günahkarları tezliklə tapıb cəzalandıracağına ümid etdiyini diqqətə çatdırıb. Ə. Amaşov Mətbuat Şurasının mətbuatla bağlı problemlərin aradan qaldırılması üçün bütün səylərini səfərbər etdiyini, ancaq bəzən buna gücü çatmadığını söyləyib: “Şura “Azadlıq” qəzetinin, “Turan” İnformasiya Agentliyinin və digər KİV-in yerləşdikləri binada qalmaları üçün əlindən gələni etdi, bu istiqamətdə lazımi tədbirlər gördü. Ancaq gücü çatmadı”. MŞ sədri mətbuatla bağlı problemləri aradan qaldırmaq üçün qurultayın quruma səlahiyyət verməsini istəyib: “Bu, jurnalist etikasını pozan mətbuat orqanlarına 4-5 dəfə xəbərdarlıq olunandan sonra məhkəməyə müraciət etmək səlahiyyəti ola bilər”. Ə. Amaşov üzvlük haqlarının yığımının çox aşağı səviyyədə (cəmi 20 faiz) olduğunu da açıqlayıb. Onun sözlərinə görə, MŞ üzvü olan bəzi KİV ümumiyyətlə, qurumla əlaqə saxlamır. Bu səbəbdən indiyədək 25-ə qədər KİV MŞ-dan çıxarılıb. Daha 20-25 mətbuat orqanına sonuncu xəbərdarlıq edilib. MŞ sədri üzərindən məhkumluğu götürülməmiş şəxslərin baş redaktor kimi fəaliyyət göstərməsinin də qəbuledilməz olduğunu vurğulayıb. Daha sonra Ə. Amaşovun çıxışı ətrafında müzakirələr başlayıb.
Müzakirədən sonra Mətbuat Şurasının sədrinin hesabatı qənaətbəxş hesab olunub. Daha sonra şuranın Nəzarət Təftiş Komissiyasının sədri İbrahim Məmmədli hesabat çıxışı edib. Bundan sonra jurnalistlərin çıxışları başlayıb, çıxışlarda daha çox jurnalistlərin mənzil problemi, mətbuat evinin yaradılması, Mətbuat Şurasına əlavə səlahiyyətlərin verilməsi, jurnalistlərin qurultayının üç və ya beş ildən bir keçirilməsi barədə təkliflər səsləndirilib. Ədliyyə Nazirliyinin qurultayın işini izləyən nümayəndəsi isə MŞ-nin QHT olması səbəbindən, qurultayın hər il keçilməsinin vacibliyini qeyd edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR