Hər vətəndaş sosial sığorta şəhadətnaməsində olan kod vasitəsilə hesabında toplanmış vəsait haqqında internetdən məlumat əldə edə biləcək

Hər vətəndaş sosial sığorta şəhadətnaməsində olan kod vasitəsilə hesabında toplanmış vəsait haqqında internetdən məlumat əldə edə biləcək
# 23 dekabr 2006 10:38 (UTC +04:00)
“1 milyon 200 mindən artıq vətəndaşın sosial sığorta şəhadətnamələri hazırlanaraq paylanıb və virtual hesablar açılıb”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov verib. Onun sözlərinə görə, artıq proses yekunlaşmaq üzrədir: “Bizim ən böyük problemimiz torpaq pay sahiblərinin bu prosesə cəlb olunmasıdır və hazırda bu məsələ üzərində işləyirik. Amma muzdla işləyənlərin qeydiyyat sistemi yekunlaşmaq üzrədir. Yanvar ayının 20-dən sonra ayrı-ayrı işə götürənlərdən bəyannamələrin qəbuluna başlayacağıq. Həmin bəyannamələrə il ərzində onların ödəmiş olduqları sosial sığorta haqlarının ayrı-ayrı işçilər üzrə bölgüsü əlavə olunacaq. Həmin hesabatlarda işçilər üzrə bölgünün virtual hesablara transferi həyata keçiriləcək”. DSMF sədri onu da deyib ki, bu, ilkin prosesdir və xeyli vətəndaş var ki, onlar iki-üç yerdə işləyirlər: “İlk iki ildə virtual hesablarda toplanan vəsaitlərlə bağlı məlumatlar məktublar vasitəsilə hər bir şəxsə göndəriləcək. Məktublarda işə götürənin ötən il onun üçün fonda nə qədər vəsait ödəyəcəyi qeyd olunacaq. İki ildən sonra isə bu məlumatlar İnternet sisteminə köçürüləcək və hər bir şəxs sosial sığorta şəhadətnaməsində olan kod vasitəsilə internetdə hesabında toplanmış vəsait haqqında məlumat əldə edəcək”. Qeyd edək ki, DSMF-nin 1 milyon 570 min sosial sığorta ödəyicisi var və bunun 1 milyon 300 mindən artığı muzdla işləyənlərdir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR