Bir qrup jurnalist cəbhə xəttində olub

Bir qrup jurnalist cəbhə xəttində olub
# 25 dekabr 2006 11:45 (UTC +04:00)
APA-nın məlumatına görə, jurnalistlər öncə “N” saylı hərbi hissənin komandiri, general-mayor Nizam Osmanovla görüşüblər. N.Osmanov mətbuat nümayəndələrini maraqlandıran sualları cavablandırıb. O, ordu haqda bəzi mətbuat orqanlarında gedən yazıları əsassız adlandırıb. Sonra jurnalistlər Tərtərdəki “N” saylı hərbi hissədə hərbi-səhra forması geyinərək, Azərbaycan Ordusunun ön xətdəki bölmələrinin vəziyyəti ilə tanışlıq məqsədilə səngərlərdə və qazmalarda olublar. Əvvəlcə ərazinin topoqrafik xəritəsi jurnalistlərə göstərilib, onlar baş çəkəcəkləri postlar və müşahidə məntəqələrinin yerləşmə mövqeyi haqda məlumatlandırılıb, təhlükəsizliklərinin təmin olunması üçün təlimatlandırılıblar. Korpusun komandir heyətinin müşayiəti ilə cəbhə boyu düşmənlə üzbəüz postları gəzən jurnalistlər torpaqlarımızın müdafiəsində dayanan əsgərlərimizlə birbaşa təmas imkanı əldə ediblər. Səngərlərdə, qazmalarda və müşahidə məntəqələrində olan mətbuat nümayəndələri əsgərlərin məişət şəraiti, yemək təminatı ilə maraqlanıblar. Əsgərlərimiz maddi-texniki təminatın yüksək olduğunu, vətəni qorumağı şərəf saydıqlarını söyləyiblər. Jurnalistlər Ermənistan hərbi birləşmələrinin işğalı altında olan Azərbaycan torpaqlarında düşmən səngərlərini də müşahidə ediblər. Ön xətdə əsgər yeməkxanasında hərbçilərlə birgə nahar edən jurnalistlər bundan sonra hərbi hissənin düşmənlə ən yaxın təmasda olan digər postlarında olublar. Burada onlar Ermənistan hərbi birləşmələrinin qazma və müşahidə məntəqələrini müşahidə ediblər. Bölük komandiri, kapitan Anar Tarverdiyev jurnalistlərə bildirib ki, Ermənistan silahlı birləşmələrində əsgər və zabit çatışmazlığı var. Bu səbəbdən də düşmən təmas xətində yalnız post-patrul xidmətindən istifadə edir: “Azərbaycan Ordusunun əsgərləri isə bütün istiqamətlərdə düşmənin hərəkətlərini nəzarətdə saxlayır”.
Səfərin sonunda hərbi hissə komandiri hərbçilərin vətənpərvərlik ruhunun yüksəldilməsində xidmətlərinə görə mətbuat nümayəndələrini fəxri fərmanlarla təltif edib.
Qeyd edək ki, səfər zamanı heç bir insident baş verməyib və jurnalistlərin təhlükəsizliyi təmin edilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR