Bakıdakı 20-dən çox orta məktəbdə Xocalı soyqırımı ilə bağlı tədbir keçiriləcək

Bakıdakı 20-dən çox orta məktəbdə Xocalı soyqırımı ilə bağlı tədbir keçiriləcək
# 25 dekabr 2006 11:54 (UTC +04:00)
Xocalı Soyqırımını Tanıtma Mərkəzinin rəhbərliyi mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, mərkəzin rəhbəri Şamil Sabiroğlu bildirib ki, mərkəzin yaradılmasında məqsəd soyqırım həqiqətlərinin Azərbaycanda və beynəlxalq aləmdə təbliğ edilməsidir. Ş. Sabiroğlu Xocalı soyqırımı ilə bağlı bir sıra tədbirlərin planlaşdırıldığını və artıq bəzi tədbirlər üçün müvafiq işlər görüldüyünü açıqlayıb. Onun sözlərinə görə, soyqırım ərəfəsində ali və orta məktəblərdə tədbirlər keçiriləcək. Artıq Bakı şəhər Təhsil İdarəsi ilə 20-dən yuxarı məktəbdə tədbir keçirilməsi ilə bağlı razılıq əldə olunub. Ş. Sabiroğlu Xocalı soyqırımı zamanı 613 nəfərin yox, daha çox insanın öldürüldüyünü söyləyib: “Bizim məlumatımıza görə, faciə nəticəsində ən azı 1500 nəfər şəhid olub. Bu məsələ ciddi araşdırılmalıdır”. Millət vəkili, Xocalının sabiq İcra Hakimiyyəti başçısı Elman Məmmədov isə soyqırımla bağlı daxildə günahkar axtarmağı yersiz hesab edib: “Bizim dediyimiz fikirlərdən ermənilər özümüzə qarşı istifadə edirlər. Bu məsələdə yalnız erməni və rus cəlladları ilə bağlı faktlar qaldırılmalıdır”. E. Məmmədov soyqırım ərəfəsində ölkədəki ümumi ab-havadan narazılığını bildirib və hər kəsin öz kefində olduğunu qeyd edib: “Bu münasibət Xocalı camaatını çox ağrıdır. Əgər bu faciəni özümüz dərk etmiriksə, digər dövlətlərdən nə gözləyə bilərik?” Tədbirin sonunda Xocalı soyqırımı ilə bağlı videokadrlar nümayiş olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR