“Sintezkauçuk” zavodundakı partlayış zamanı xəsarət alan zavodun işçisi Əntiqə Babayevanın səhhəti günbəgün ağırlaşır

“Sintezkauçuk” zavodundakı partlayış zamanı xəsarət alan zavodun işçisi Əntiqə Babayevanın səhhəti günbəgün ağırlaşır
# 09 yanvar 2007 15:23 (UTC +04:00)
Dekabrın 29-da Sumqayıt şəhərində yerləşən “Azərkimya” Dövlət Şirkətinin “Sintezkauçuk” zavodunun yeni butadien sexinin 1-ci korpusunda baş vermiş güclü partlayış zamanı ağır yanıq xəsarəti alan zavodun işçisi Əntiqə Babayevanın səhhəti günbəgün ağırlaşır. Bu barədə APA-ya faktla bağlı başlanmış cinayət işinin istintaqını aparan Sumqayıt şəhər Prokurorluğunun müstəntiqi Paşa İsmayılov məlumat verib. Müstəntiqin sözlərinə görə, zərərçəkmişin səhhəti olduqca kirtikdir və narahatlıq doğurur. P. İsmayılov iş üzrə bir neçə ekspertiza təyin olunduğunu deyib. Həmçinin qeyd edib ki, ekspertizanın və Fövqəladə Hallar Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin mütəxəssisləri tərəfindən aparılan kompleks yoxlamanın nəticələri istintaqa təqdim olunandan sonra istintaq yekun nəticəyə gələcək. Xatırladaq ki, partlayış zamanı zavodun işçiləri Samirə Şıxəliyeva və Şükufə Mustafayeva hadisə yerində ölüb, Qafur Əliyev, Əntiqə Babayeva, Fikrət Həsənov və Salam Əhmədov isə ağır dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Q. Əliyev yanvarın 1-də, Fikrət Həsənov isə yanvarın 6-da xəstəxanada vəfat ediblər. Məlum hadisə ilə bağlı zavodun direktor əvəzi və baş mühəndisi İxtiyar Balakişiyev, sex rəisi İxtiyar Şahverdiyev və növbə rəisi Mətləb Şahmuradov yanvarın 6-da həbs ediliblər. İ. Balakişiyev CM-nin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan səhlənkarlıq), İxtiyar Şahverdiyev və Mətləb Şahmuradov isə CM-nin 162.2-ci (ehtiyatsızlıqdan insan ölümünə səbəb olan əmək mühafizəsi qaydalarını pozma) və 223.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunublar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR