Bank Of Baku

Mixail Saakaşvilinin prezidentliyi dövründə Gürcüstanda dustaqların sayı 2,5 dəfə artıb

Mixail Saakaşvilinin prezidentliyi dövründə Gürcüstanda dustaqların sayı 2,5 dəfə artıb
# 11 yanvar 2007 08:05 (UTC +04:00)
Rəsmi statistikaya görə, Mixail Saakaşvilinin prezidentliyi dövründə dustaqların sayı 6274 nəfərdən 15432 nəfərə çatıb. Gürcüstanın “Cəmiyyət və Ədalət” qeyri-hökumət təşkilatından APA-ya verilən xəbərə görə, bu, Ədliyyə Nazirliyinin rəsmi məlumatıdır. Həmin məlumata görə, 2004-cü ildə Gürcüstanda 7200, 2005-ci ildə 8895 məhkum olub. 2006-cı ildə isə məhkumların sayı 15432-ə çatıb. Son üç ildə məhkumların və saxlanılan təqsirləndirilən şəxslərin arasında ölüm halları da artıb. 2004-cü ildə 43 məhkum (ümumi məhkumların 0,6 faizi) dünyasını dəyişib. 2005-ci dünyasını dəyişən məhkumların sayı 46 (ümumi məhkumların 0,52 faizi), 2006-cı ildə isə 92-yə (ümumi məhkumların 0,59 faizi) çatıb. 2006-cı ildə həbsxanalarda baş vermiş ölüm hadisələrindən 9-u avqustun birinci ongünlüyündə ölkədə havaların görünməmiş səviyyədə (40 dərəcə) istiləşməsi zamanı qeydə alınıb. Ötən il 4 məhkum intihar edib, 7 məhkum isə martın 27-də 5-ci Tiflis həbsxanasında baş verən etiraz aksiyası zamanı dünyasını dəyişib. Hüquq-müdafiə təşkilatları dəfələrlə bəyan edib ki, Gürcüstanda həbsxanalar beynəlxalq standartlara uyğun deyil. Saxlanma şəraiti standartlara cavab vermir və işgəncə faktları kifayət qədərdir. Gürcüstanda uşaq və qadın dustaqların hüquqlarının qorunması üçün də heç bir təminat yoxdur. “Human Rights Watch” təşkilatının hesabatında da bu məsələyə geniş yer ayrılıb. Hesabatda penitensiar sahədə kütləvi şəkildə qanun pozuntusunun olduğu qeyd edilib: “Kameralarda antisanitariya baş alıb gedir, məhkumlar normal qidalanmır, tibbi yardım almır. 26 nəfərlik kameralarda 100-dək məhkum saxlanılır”. “Cəmiyyət və Ədalət” qeyri-hökumət təşkilatının məlumatında bildirilir ki, Gürcüstanda ötən il oktyabrın 5-də keçirilən bələdiyyə seçkilərindən sonra bu ölkədə yaşayan və Gürcüstan vətəndaşı olan azərbaycanlıların kütləvi həbsi başlayıb. Əsasən isə ziyalılar həbs olunub. Oktyabrın 5-də Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Qarayazı (Qardabani) rayonunun Soğanlıq kəndinin sakinləri Raib Əliyev, Fariz İbrahimov və Muradəli Pirmuradovu həbs ediblər. Onlar həbs olunarkən heç bir ittiham irəli sürülməyib. Ölkənin DİN və Baş Prokurorluğu bu şəxslərin hansı maddələr əsasən həbs olunduğunu hələ də açıqlamayıb. Oktyabrın 18-də azərbaycanlıların həbsi davam etdirilib. DİN-in xüsusi təyinatlı qara maskalıları Marneuli rayonunun meriyasının əməkdaşları Rafiq Hacıyevi və Avtandil Gərəkovu həbs ediblər. Bu şəxslər kütləvi iğtişaşlara hazırlıqda günahlandırılırlar. Bir neçə il əvvəl həbs olunmuş jurnalist Qacar Hüseynov isə həbsxanada dözülməz şəraitdə saxlanılır. Səhhətində ciddi problem olan jurnalistin müalicəsi üçün heç bir şərait yaradılmır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR