Bank Of Baku

Gəncə-Xanlar reysini həyata keçirən mikroavtobusların sürücüləri etiraz aksiyası keçirib

Gəncə-Xanlar reysini həyata keçirən mikroavtobusların sürücüləri etiraz aksiyası keçirib
# 11 yanvar 2007 10:10 (UTC +04:00)
Gəncə-Xanlar istiqamətində sərnişin daşıyan bütün mikroavtobusların sürücüləri etiraz aksiyası keçiriblər. APA-nın Qərb bürosunun məlumatına görə, sürücülərin aksiya keçirməsinə səbəb sürücülər üçün müəyyənləşdirilmiş gündəlik planın ikiqat artırılmasıdır. Sürücülər bildiriblər ki, hər gün Gəncədən Xanlara və əks istiqamətə hərəkət zaman 25 kilometr məsafə qət olunur. Sərnişinlərin ödədikləri 10 qəpik isə sərf etdiyi yanacağın qiymətini və digər xərcləri ödəmir. Aksiya iştirakçıları əvvəllər Xanlara sərnişin daşımalarının qiymətinin 20 qəpik olduğunu deyiblər. “Əvvəllər gediş haqqı 20 qəpik idi. Ancaq taksilər də bizim dayanacaqdan Xanlara həmin qiymətə sərnişin daşımağa başladı. Buna görə də məcburən qiyməti yarıya endirməli olduq. Ancaq son günlər yanacağın qiymətinin artması səbəbi ilə yenidən gediş haqqını 20 qəpik etməli olduq. Buna görə də son bir neçə gün ərzində hər maşında sərnişinlərlə sürücülər arasında qalmaqal baş verir”. Aksiya yerinə gələn “Gəncə Avtovağzal” Səhmdar Cəmiyyətinin sədri Namiq Həsənov sürücülərə problemi sivil yollarla həll etməyi məsləhət görüb və Xanlar istiqamətində reysləri bərpa etməyi tövsiyə edib. Namiq Həsənov bildirib ki, məsələ ilə bağlı Nəqliyyat Departamenti və Tarif Şurasına yazılı şəkildə müraciət ediblər. “Qiymətlərin yalnız Bakı və Sumqayıtda artırılması düzgün deyil. Ümidvaram ki, məsələ yenidən müzakirə edilərək daha məqsədə uyğun qərar qəbul ediləcək. Artıq şəhərlərarası reysləri həyata keçirən avtobusların sürücüləri ilə də qiymətlərin qaldırılmamağı barədə razılıq əldə olunub”. Namiq Həsənovun göstərişi ilə sərnişinləri başa çatdırmaq üçün Xanlar istiqamətində xəttə iki əlavə mikroavtobus buraxılıb. Yalnız bundan sonra aksiya keçirən sürücülər sərnişinləri əvvəlki qiymətlə daşımağa razılıq veriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR