Bank Of Baku

Azərbaycanın bölgələrində yeni cəzaçəkmə müəssisələri inşa olunur

Azərbaycanın bölgələrində yeni cəzaçəkmə müəssisələri inşa olunur
# 25 yanvar 2007 13:25 (UTC +04:00)
Naxçıvanda inşa olunan cəzaçəkmə müəssisəsinin açılışı yay aylarında baş tutacaq. Bu barədə APA-ya Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyindən məlumat verilib. Hazırda müəssisədə tamamlama işləri aparılır. Avropa standartlarının tələbləri səviyyəsində inşa olunan müəssisə 400-dən artıq məhkum və müvəqqəti saxlanılan şəxslər üçün nəzərdə tutulub. Qarışıq tipli ümumi rejimli cəzaçəkmə müəssisəsində məhkumlar kameralarda 4-5 nəfər olmaqla saxlanılacaq. Qeyd edək ki, respublikada 17 cəzaçəkmə, 1 tərbiyə, 1 müalicə müəssisəsi, 1 həbsxana, 3 istintaq təcridxanası var. Həmçinin 15 məntəqə tipli cəzaçəkmə müəssisəsi, 14 azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası yeri - xüsusi müəssisə fəaliyyət göstərir. Hazırda Lənkəranda və Şəkidə də yeni cəzaçəkmə müəssisələrinin tikintisi aparılır. Şüvəlanda yerləşən 3, Bayıldakı 1 saylı istintaq təcridxanalarının gələcəkdə ləğv olunması, onların yeni inşa olunacaq istintaq təcridxanası ilə əvəzlənəcəyi bildirilir. Azərbaycan hökumətinin qərarı ilə yeni istintaq təcridxanasının inşası üçün Kürdəxanı yolunda torpaq sahəsi ayrılıb. Yeni inşa olunacaq təcridxana müasir standartlarına cavab verəcək. Yaxın gələcəkdə Qobustan qapalı həbsxanasının köçürüləcəyi də qərara alınıb. Qobustan Qoruğunda yerləşən Qobustan qapalı həbsxanası YUNESKO-nun təklifi ilə həmin ərazidən köçürüləcək. Yeni həbsxananın tikintisi üçün Qaradağ rayonu ərazisində torpaq sahəsi ayrılıb. Həbsxana 2 hissədən ibarət olacaq. Həmin həbsxanada həm ömürlük azadlıqdan məhrum edilmiş məhkumlar, həm də digər kateqoriyalı həbsxana rejimli məhkumların cəza çəkməsi üçün lazımi şərait yaradılacaq. Bu ilin əvvəlində həbsxananın inşasına başlanacağı nəzərdə tutulub. Həbsxanada ömürlük azadlıqdan məhrum edilmiş məhkumlar 2-4 nəfərlik kameralarda saxlanılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR