Bank Of Baku

Polkovnik-leytenant təzyiqlə üzləşdiyini bildirir

Polkovnik-leytenant təzyiqlə üzləşdiyini bildirir
# 25 yanvar 2007 13:29 (UTC +04:00)
Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru Ələkbər Məmmədov Müdafiə Nazirliyinin mühafizə briqadasının sülhməramlı taborunda baş verənlərlə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Ə. Məmmədov hazırda Naxçıvan ərazisində yerləşən “N” saylı hərbi hissədə xidmət edən polkovnik-leytenant Rasim Muradova qarşı təzyiqlər olduğunu bildirib. Onun sözlərinə görə, R. Muradov uzun müddət mühafizə briqadasının təlim-tərbiyə işləri üzrə komandir müavini olub və qanunsuzluqlarla bağlı Müdafiə Nazirliyinə məruzə etdiyinə görə işdən uzaqlaşdırılaraq Naxçıvana göndərilib, burada isə rütbəsindən iki pillə aşağı vəzifəyə təyin edilib. Telefon vasitəsilə mətbuat konfransına qatılan polkovnik-leytenant R. Muradov qarşılaşdığı qanun pozuntuları haqqında açıqlama verib. O bildirib ki, 1998-ci ildən mühafizə briqadasında külli miqdarda yeyinti halları baş verib və hərbçilərin məvacibləri mənimsənilib. Bu halların qarşısının alınması üçün tabe olduğu yüksək rütbəli komandirlərə məruzə etdiyini vurğulayan R. Muradov bundan sonra araşdırmaların başladığını söyləyib: “İstintaq hərəkətləri keçirildi və sülhməramlı taborda, ümumən hərbi hissədə baş verən qanunsuzluqlarla bağlı araşdırma başlandı. Məlum oldu ki, İraqda, Kosovoda və Əfqanıstanda xidmət aparan sülhməramlı bölmələrimizdə ciddi maliyyə pozuntuları var və bunları törədən əsas şəxs də briqadanın komandiri Mirzəli Yusifovdur. Məsələyə aydınlıq gətirildikdən sonra araşdırmanı aparan komissiyanın üzvləri mənə təşəkkür etdilər. Lakin bir aydan sonra heç bir səbəb göstərilmədən Naxçıvana köçürüldüm. Ədalətsizliklə qarşılaşdığıma görə tərxis olunmaq üçün Müdafiə Nazirliyinə təqrir yazdım. Əvəzində iki pillə aşağı vəzifəyə təyin olundum. İndi gizli nömrələrlə mobil telefonuma zənglər edilir, məni hədələyirlər. Mən belə orduda xidmət etmək istəmirəm. Tələblərim yerinə yetirilməsə, 10 gündən sonra aclıq aksiyasına başlayacağam”. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Ramiz Məlikov isə məsələyə münasibət bildirməkdən imtina edib: “Mən şifahi şəkildə deyilən ittihamlara cavab vermirəm. Sabah qəzetdə çıxar, cavab verərəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR