Bank Of Baku

“Nota-bene” qəzetinin əməkdaşının həbsi ilə bağlı qəzet kollektivi mətbuat konfransı keçirib

“Nota-bene” qəzetinin əməkdaşının həbsi ilə bağlı qəzet kollektivi mətbuat konfransı keçirib
# 31 yanvar 2007 16:00 (UTC +04:00)
“Nota-bene” qəzetinin məsləhətçisi Fərəməz Novruzoğlunun həbsi ilə bağlı qəzet kollektivi mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, “Nota-bene” qəzetinin təsisçisi İlham Tumas bildirib ki, Nərimanov rayon Məhkəməsinin hakimi Müslüm Əliyev daxili işlər naziri Ramil Usubovun və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun iddiaları əsasında F. Novruzoğlunu iki il müddətinə azadlıqdan məhrum etmə cəzasına, qəzetin baş redaktoru Sərdar Əlibəylini isə 1 il 6 ay müddətinə islah işlərinə məhkum edib. Qəzetin təsisçisi İ. Tumas barədə isə cinayət işi dayandırılıb.
İ. Tumas bildirib ki, onlar məsələ ilə bağlı Nazim İbrahimovla onun dəvəti ilə görüşüblər. Görüşdən sonra isə N. İbrahimov şikayəti geri götürəcəyini desə də, bu belə olmayıb. Qəzetin baş redaktoru Sərdar Əlibəyli isə məhkəmə qərarının dəyişdirilməsini tələb edib.
Mətbuat Şurasının nümayəndəsi İbrahim Məmmədli isə F. Novruzoğlunun həbsindən öncə quruma müraciət edəcəyi təqdirdə qarşıdurmanın aradan qaldırılmasının mümkün olduğunu vurğulayıb: “Mətbuat Şurasında bu məsələ müzakirə ediləcək və jurnalistin azadlığa buraxılmasına cəhd ediləcək”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə APA-ya bildirilib ki, işə qanun çərçivəsində baxılıb və məhkəmənin qərarı ədalətlidir.
Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən isə məsələyə münasibət bildirməyiblər.
ATƏT-in Bakı Ofisi və təşkilatın Mətbuat Azadlığı üzrə Nümayəndəsi isə bu gün Fərəməz Novruzoğlunun həbsindən narahatlığını bildirib. Ofisdən APA-ya daxil olan məlumata görə, ATƏT-in Bakı Ofisinin fəaliyyətdə olan rəhbəri Robin Sivord jurnalistə iki il həbs cəzası verilməsindən təəccübləndiyini də qeyd edib: “ Böhtan, defamasiya və təhqiri mülki hüquq sahəsinə köçürən əsaslı hüquqi dəyişikliklər təqdim olunmayana qədər, jurnalistlərin məhkəmə ittihamı ilə hədələnməsi davam edəcək”. ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Miklos Haraştı isə jurnalistlərin məhkəmə vasitəsi ilə nizam-intizama gətirilməsinin yüksək professionalizm ilə nəticələnmədiyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR